Azərbaycanda xarici kapitallı şrikətlərin sayı artıb, əsasən xidmət sektorunda çalışırlar

Azərbaycanda xarici kapitallı şrikətlərin sayı artıb, əsasən xidmət sektorunda çalışırlar

Bu il əsas kapitalında xarici kapital olan şirkətlərin əsas fəaliyyəti xidmət sahəsi olub - 40,8 faiz. Bunun ardınca ticarət - 24,5 faiz, tikinti - 11,2 faiz gəlir.

Xarici kapitallı şirkətlərin sayı 69 faiz artıb

Bu ilin on ayında Azərbaycanda xarici kapitallı 2349 şirkət qeydiyyata alınıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz çoxdur.

Vergilər Nazirliyinin məlumatına görə, onların əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir.

Bu il əsas kapitalında xarici kapital olan şirkətlərin əsas fəaliyyəti xidmət sahəsi olub - 40,8 faiz. Bunun ardınca ticarət - 24,5 faiz, tikinti - 11,2 faiz gəlir.

Bu il xarici kapitalın iştirakı olan 700-dən çox şirkətin ləğvi başa çatıb.

Bu ilin 1 dekabr tarixinə Azərbaycanda qeydiyyata alınan şirkətlərin sayı 12,7 mindən çoxdur. Bunlardan 2.7 mini Azərbaycan vətəndaşları və şirkətlərinin iştirakı ilə təsis edilib, 2 686-sı filial və nümayəndəliklərdir.

Xəyal Məmmədxanlı: Xarici kapitallı şirkətlərin sayının artması yaxşı göstəricidir

Biznes məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Amerikanın Səsinə müsahibəsindəı bildirib ki, ölkə iqtisadiyyatında xarici kapitallı şirkətlərin sayının artması yaxşı göstəricidir.

“Xarici kapitallı şirkətlərin sayının çoxalması ölkədə normal investisiya mühitnin olmasından xəbər verir. Xarici kapitallı şirkəltər əvvəllər daha az idi.”

Ekspertin fikrincə, Azərbaycanda bəzi sektorlarda hələ də xarici kapitallı şirkətlərə ümumiyyətlə rast gəlinmir.

“Məsələn, sığorta sektorunda hələ də bir dənə də olsun xarici kapitallı şirkət yoxdur. Amma, bank sektorunda var.”

Məmmədxanlı bildirib ki, ölkədə qurulan xarici kapitallı şirkətlərin əksəriyyəti xarici şirkərlərin deyil, xarici ölkə vətəndaşlarının iştirakı ilə yaradılan şirkətlərdir.

“Amma, fərq etməz, bunların hamısı xarici kapitallı şirkətlərdir. Tendensiya belə olub ki, xarici kapitallı şirkətlər adətən neft sektorunda olub. Son dövrlər qeyri-neft sektoruna diqqət artdığından artıq o sektorda da şirkətlər yaranmağa başlayıb. Xüsusilə də xarici şirkətlərin və ya brendlərin nümayəndəlikləri, filialları açılır.”

Ekspert hesab edir ki, kənd təsərrüfatında, tikinti sektorunda, sənayedə xarici kapitallı şirkətlərin sayı çox azdır.

“Bu onunla bağlıdır ki, Azərbaycanda bu sahələrdə kifayət qədər yerli şirkətlər fəaliyyət göstərir.”

O Azərbaycanda istehsal sektoruna xarici şirkətlərin maraq göstərməməsinin səbəblərindən danışarkən deyib ki, xarici şirkətlər istehsal sahələri qurarkən daha çox xarici bazarlara çıxış imkanlarını nəzərə alır.

Sığorta sektorunda hələ də bir dənə də olsun xarici kapitallı şirkət yoxdur. Amma, bank sektorunda var.

Xəyal Məmmədxanlı, ekspert


“Xarici şirkətlər böyük investisiya yönəldəndə adətən daxili bazarı deyil, ixrac potensialını qiymətləndirir. Bu gün Azərbaycanda daha çox qida sənayesi sahəsində böyük istehsal var. Yerdə qalan sahələrdə olduqca zəifdir.”

Ekspert ölkənin əvvəllər xarici kapitallı şirkətləri daxili bazara buraxmaqda maraqlı olmadığı qənaətindədir.

“Hökumət düşünürdü ki, xarici kapitallı böyük şirkətlərin ölkəyə buraxlılması yerli biznesin sıradan çıxarılmasına səbəb ola bilər. Amma, indi artıq yerli şirkətlər də rəqabətə davamlıdır.”

Məmmədxanlı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının vaxtının çatdığını fikirləşir.

“Bu təşkilata üzv olmaq önəmlidir. Amma, hökumətdə düşünürlər ki, Azərbaycan iqtisadiyyatı hazırda dünya iqtisadiyyatına inteqrasiya olunmağa və açıq bazar şəraitində rəqabətə hazır deyil. Düşünürlər ki, ölkənin qapılarını azad bazar üçün açsalar qısa müddətdə bahalaşmaya səbəb olacaq və bəzi yerli kapitallı kiçik şirkətləri sıradan çıxacaq. Dövlət bunda müəyyən risklər görür,” o qeyd edib.

Mənbə: www.amerikaninsesi.org