2019 – dinamik inkişaf və mütərəqqi islahatlar ili

2019 – dinamik inkişaf və mütərəqqi islahatlar ili

Cari ilin ötən 11 ayının makroiqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, 2019-cu ildə də Azərbaycan iqtisadiyyatında müsbət meyillər getdikcə güclənib. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması və xarici investisiya qoyuluşlarının həcminin artmasında özünü daha qabarıq büruzə verib.

Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artıb.
Hesabat dövründə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən isə idxal reallaşdırılıb. Cari il oktyabrın 1-i vəziyyətinə ölkə ­iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, Dövlət Neft Şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda işləyənlərin də əməkhaqlarının yüksəlməsi, eyni zamanda, bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7 faiz və ya 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatıb.
Xalqa xidmət missiyası
Ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini gerçəkləşdirib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.
Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Mərkəzi Bankın məlumatına əsasən, 2003-cü ildə ölkə Prezidenti seçilən İlham Əliyev ölkənin daha da müasirləşməsinə hədəflənən yeni strateji vəzifələr irəli sürüb və respublikanın sosial-iqtisadi həyatında radikal dönüşə nail olunub. İqtisadi quruculuq tarixinə “qızıl dekada” kimi daxil olan ötən dövr ərzində milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, orta iqtisadi artım tempi orta dünya iqtisadi artım tempini 3 dəfədən çox qabaqlayıb. Azərbaycan yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olub, yoxsulluq səviyyəsi 9 dəfədən çox azalaraq 5 faizə düşüb, 1 milyondan çox yeni iş yeri yaradılıb, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Valyuta ehtiyatları 28 dəfə artıb və illik ÜDM səviyyəsinə çatıb.
Dövlət başçısının söylədiyi kimi, yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi isə ondan ibarətdir ki, sosial sahəyə xüsusi diqqət göstərilib. Təkcə bu il 4 milyon 200 mindən çox insan geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər isə 2 dəfə çoxalıb. Bu il, həmçinin orta əməkhaqqı 35 faiz artıb və hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir.
Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları nümayəndələri rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldib.
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarının yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbulu zamanı onlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
Əlbəttə, aparılan islahatlar, əldə edilən uğurlu sosial-iqtisadi göstəricilər respublikada yaşanan sabitliyi möhkəmləndirib, xalqın hakimiyyətə etimadını daha da gücləndirib.
Yeni iqtisadi model
2019-cu ili ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinin başlanğıcı kimi də xarakterizə edə bilərik. Bu dövrün əsas vəzifəsi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdan, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olub. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiqlədiyi iqtisadi siyasət sənədlərində həmin vəzifənin reallaşması üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilib. Bunlara ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli yararlanılması, habelə onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məsələləri aid etmək olar.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, həmçinin sənaye məhəllələrinin yaradılmasına başlanılıb. Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub.
Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib.
Yeni iqtisadi modelə transformasiya zamanı institusional və struktur islahatları diqqət mərkəzində saxlanılıb. Transformasiya çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Beləliklə, dövlətimizin başçısının yeni iqtisadi modellə bağlı tapşırıqlarına uyğun olaraq institusional strukturlar mütəmadi şəkildə yenilənib.
Sahibkarlığın
inkişafının töhfələri
Son bir ildə investisiya mühiti daha da yaxşılaşdırılıb, xüsusən də iş adamları üçün yeni imkanlar yaradılıb, o cümlədən güzəştli kreditlərə çıxış imkanları müasirləşdirilib, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatları genişləndirilib.
Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başlayıb. Mikro, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında KOB-ların rolunun artırılması, onların maraqlarının müdafiəsi, KOB-lara vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi qurumun başlıca fəaliyyət istiqaməti kimi təsdiqlənib.
Bir sözlə, agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərilən xidmətlər çərçivəsində KOB-lara dəstək olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.
Fəaliyyət göstərdiyi müddətdə agentliyin bir sıra dəstək mexanizmi sahibkarların xidmətinə verilib, müxtəlif layihələr həyata keçirilib. Hazırda ölkə üzrə yaradılmaqda olan “Kiçik və Orta Biznesin Dostu”, qısaca desək “KOB Dostu” belə mexanizmlərdəndir.
Sahibkarlığın İnkişafı Fondunun xətti ilə il ərzində 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kredit ayrılıb. İpoteka və Kredit Zəmanəti Fondu hesabat dövründə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin fond 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib. Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulub.

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com