“Atəşgah” və “Odlar yurdu” sığorta şirkətləri ev sahiblərinə hədələyici mesajlar göndərməyə başlayıb…

“Atəşgah” və “Odlar yurdu” sığorta şirkətləri ev sahiblərinə hədələyici mesajlar göndərməyə başlayıb…

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bir sıra məsələlərə toxunub. O cümlədən, daşınmaz əmlakın sığortası ilə bağlı geniş fikir bildirib. Prezident İlham Əliyev daşınmaz əmlakın sığortası ilə bağlı hökumətə tapşırıqlar verib, eyni zamanda, bu sahədə əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Ancaq sığorta şirkətləri “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli, 165-IVQ nömrəli Qanunu əlində bayraq edib, qapı-qapı düşüb, vətəndaşları məcburi sığortaya cəlb etməyə çalışırlar. Bununla yanaşı, mobil operatorlardan “Atəşgah”, “Odlar yurdu” sığorta şirkətləri tərəfindən vətəndaşlara aşağıdakı mətndə mesajlar göndərilir:

“AR İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə uyğun olaraq, 2020-ci ildən evləri məcburi qaydada sığorta etdirməlisiniz. Gecikənlərə 30 AZN cərimə hesablanacaq. Zəng edin: 1544”.

Məlumat üçün bildirək ki, qanunun 35.2. maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur. “Kupça”sı olmayanlara sığorta məcburi deyil.

Onu da bildirək ki, sığorta şirkətlərinin əmlak sahibini cərimələmək kimi səlahiyyəti yoxdur. Bəzi şirkətlər isə vətəndaşları təhdid edərək bildirirlər ki, mənzili sığorta olunmasa, o cərimələnəcək.

Qeyd edək ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov da qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra mexanizmin tətbiq ediləcəyini açıqlayıb. Buna baxmayaraq, sığorta şirkətləri yenə də öz əməllərini davam etdirirlər.

“Sığorta şirkətlərinin “sizə filan gündən cərimə yazılacaq” deyərək hədə-qorxu gəlməsi doğru deyil”

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, sığorta şirkətinin vətəndaşa sms göndərmək və onu cərimələmək kimi səlahiyyəti yoxdur: “Daşınmaz əmlakın sığortalanması qanun çərçivəsində olmalıdır. Qanundan çıxarışın qapılara qoyulması məcrasından çıxır. Artıq bəzi sığorta şirkətləri “sabahdan sizə cərimə yazılacaq” deyərək, vətəndaşları hədələyərək, narahat edirlər. Bu düzgün deyil. Danılmaz faktdır ki, “İcbari sığortalar haqqında” Qanun 2011-ci ildən qüvvədədir. Sığorta şirkətləri, sadəcə, yaranmış süni ajiotajdan istifadə edirlər. Sığorta şirkətlərinin “sizə filan gündən cərimə yazılacaq” deyərək hədə-qorxu gəlməsi doğru deyil. Ümumiyyətlə, cərimə kəsmək sığorta şirkətlərinin səlahiyyətinə aid olan məsələ deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, “İcbari sığortalar haqqında” Qanuna görə, daşınmaz əmlakın sığortası məcburidir: “Sığorta şirkətlərinin binalara qanundan çıxarış vurmasında qeyri-qanuni hal yoxdur. Amma “filan günədək etdirməsəniz, cərimələnəcəksiniz” deyilməsi qeyri-qanunidir. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində sığortalanmamağa görə 30 manat cərimə müəyyən edilib. Problem ondadır ki, cərimə qanunda nəzərdə tutulsa da, indiyədək heç kimə tətbiq edilməyib. Qanunun yazılma mexanizmi yoxdur. Cərimənin yazılması yerli icra hakimiyyəti orqanlarına həvalə edilib. Onlar da bu günədək heç bir vətəndaşla iş aparmayıblar. Yəni qanun var, amma cəriməni tətbiq edən yoxdur. Necə ki, sığorta edilməyən avtomobillər avtomatik olaraq radara düşür, eləcə də elektronlaşma bitəndən sonra sığortalanmayan evləri də elektron şəkildə müəyyən etmək mümkün olacaq. Qapını döyüb, “sığortanız varmı, yoxmu, sizə cərimə yazıram” deyərək kimsə sizi narahat etməyəcək”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com