Neft bazarını indi də Rusiya qarışdırır: QİYMƏT OYUNU

Neft bazarını indi də Rusiya qarışdırır: QİYMƏT OYUNU

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC üzvləri və Rusiya başda olmaqla digər qeyri-OPEC neft istehsalçısı ölkələr hasilatının daha da azaldılmasına dair müzakirələri mart ayınadək təxirə salıb.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın tnergetika naziri Aleksandr ölkəsinin Novak OPEK+ ölkələrinin sırasını tərk edə biləcəyinin anonsunu vermişdi. Nazir bildirmişdi ki, neft hasilatının azaldılması əbədi proses deyil və nə zamansa bu sazişdən çıxmaq haqqında qərar qəbul ediləcək. O, Rusiyanın bu qurumdan 2020-ci ildə çıxa biləcəyini istisna etməyib. Novak qeyd edib ki, mart ayında ölkələr bazardakı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, sözügedən razılaşma 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Qərara görə, 2020-ci ilin yanvarın 1-dən 3 ay müddətində neft hasilatı sutkada daha 500 barel azaldılacaqdı.

“Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, OPEC-in hasilatı növbəti dəfə azaltmaq haqda qərarını mart ayına qədər təxirə salması təşkilatdaxili məsələlərlə bağlı deyil:

“Dünya bazarlarında neftin qiymətinin artması son günlər Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi ilə bağlıdır. Regionda siyasi vəziyyət qeyri-sabitdir. Ən böyük neft hasilatçısı olan Liviyada qarşı-qarşıya duran tərəflər arasında bir sıra ölkələr arasında danışıqlar gedir. Yəni 2020-ci ildə Liviyada vətəndaş müharibəsinin hansı istiqamətdə davam edəcəyi bəlli deyil. Bu kimi hadisələr dünya bazarlarında neftin qiymətinin sərt şəkildə aşağı və yuxarıya doğru oynamalarına yol açır. Mövcud iqtisadi şərait, yəni tələb və təklif nöqteyi-nəzərdən yaxın perspektivdə neftin qiymətinin artmasının faktiki əsas yoxdur. Çünki təklif tələbi üstələyir. Digər tərəfdən, dünya iqtisadiyyatında inkişaf səviyyəsi əvvəlki kimi deyil. Böyük Britaniyanın Avropa İttifaqından çıxması, Avropa İttifaqının iqtisadiyyatında axsamaların müşahidə edilməsi, Çin-ABŞ arasında ticarət savaşındakı qeyri-müəyyənliklər və digər iqtisadi amillərlə bağlı olaraq qiymət artmasının heç bir əsası yoxdur. Buna görə də OPEC+ ölkələri hasilat həcmlərini az səviyyədə saxlayır və lazım gələrsə, hətta hasilatı bir qədər də azaltmaq haqqında müvafiq qərar qəbul etməyə hazırdırlar”.

Ekspert təəssüflə vurğulayıb ki, neftin qiymətinə siyasi münaqişələr daha çox təsir edir:

“Qeyri-müəyyənliklər var, əgər Yaxın Şərq regionunda hadisələr proqnozlaşdırılmayan istiqamətdə inkişaf edərsə, hərbi toqquşma meydana çıxarsa, neftin qiymətinin artmasının qarşısını almaq mümkün olmayacaq. Ona görə də, OPEC+ ölkələri hasilatla bağlı qərar qəbul etməkdən vaz keçməli idilər. Bu, ağıllı qərardır”.

Rusiyanın OPEC-dən çıxmasına gəlincə, Pərviz Heydərov qeyd edib ki, neftin qiymətinin kəskin aşağı düşdüyü təqdirdə OPEC-dən kənarda olsa belə, Rusiya yenə də OPEC+ ölkələri ilə eyni qərarı icra edəcək:

“Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi OPEC+ dövlətlərinin heç birinə sərf etmir. Bu, ancaq Birləşmiş Ştatlar üçün sərfəlidir. OPEC+ ölkələrinin sözügedən qərarına görə, 2016-cı ilin ikinci yarısından etibarən ABŞ-ın dünya bazarında neft qiymətlərindən əli qopdu. Yəni dünya neft bazarlarında ABŞ-ın qiymət diktəsi işləmir. ABŞ-ın istəyinə qalsa, neftin uzun müddətdir müşahidə olunan 60 dollar səviyyəsi məqsədəuyğun hesab olunmur. ABŞ neftin qiymətinin 50 dollara qədər salınmasında maraqlıdır. Amma onun ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı hər şeydə ABŞ-la razılığa getsə də, neftin dünya bazar qiymətlərində öz marağını güdür. Çünki neftin qiymətinin 60 dollardan yuxarı olması bütün hasilatçı ölkələr üçün sərfəlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info