Siqaret fabrikləri ilə ilkin emal müəssisələri arasında inteqrasiya zəifdir - Açıqlama

Siqaret fabrikləri ilə ilkin emal müəssisələri arasında inteqrasiya zəifdir - Açıqlama

Son illərdə ölkəmizdə tütün istehsalında artım qeydə alınır. Buna səbəb dövlət dəstəyi hesabına qurutma kameralarının quraşdırılması, subsidiyaların verilməsi və digər bu kimi tədbirlərdir. İndi əsas məsələ son məhsulun əldə edilməsidir. Məlum olduğu kimi, siqaret ən böyük idxal həcmi olan məhsullar qrupuna aiddir. Hər il ölkəmizdə 100 milyon dollarlarla vəsait məhsul idxalına sərf edilir.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən bildirib ki, keçən il Azərbaycanda böyük siqaret fabriki açılıb: “Biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir”.

Bununla bağlı AZƏRTAC-ın sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, ölkədə tütün xammalı bazasının genişləndirilməsi, tütün sahələrinin artırılması ilə bağlı mühüm işlər görülür.

“Azərbaycanda bu sahədə kifayət qədər potensial var. Tütünün ilkin emalı üzrə infrastruktur formalaşdırılıb, tütünün fermentasiyası zavodları fəaliyyət göstərir, həmçinin hazır siqaret istehsalı potensialı formalaşdırılır. Lakin bizim problemimiz son məhsul istehsal edən, yəni siqaret fabriklərinin tələbatı ilə ilkin emal müəssisələri arasındakı inteqrasiyanın zəif olmasıdır. Çünki son məhsul istehsalında ən müxtəlif çeşidlərdə tütün xammalından istifadə olunur. Ölkəmizdə tütün xammalının bir neçə növü mövcuddur. Əsas vəzifəmiz son məhsulun emalı ilə məşğul olan fabriklərdə ilkin emalın inteqrasiyasını təmin etməkdir. İlkin emal müəssisələri istehsal olunan tütünün çeşidləri, keyfiyyəti ilə bağlı tələbləri müəyyənləşdirib bu istiqamətdə fermerlərlə əməkdaşlıq etməlidirlər”, - deyə Firdovsi Fikrətzadə bildirib.

Qeyd edək ki, 2019-cu ildə ölkəmizə 6,635.74 min dollar dəyərində tütün idxal edilib. Bu sırada dəyər baxımından ilk üçlükdə Braziliya (1,634.59 min dollar), Zimbabve (902.25 min dollar) və İran (788.02 min dollar) qərarlaşıb. Tütün ixracına gəldikdə isə, ötən il Belarusa 6,069.59 min dollar, Rusiyaya 4,812.22 min dollar, Ukraynaya 525.08 min dollarlıq tütün göndərilib. Ümumilikdə isə, 12,106.17 min dollar dəyərində ixrac həcmi qeydə alınıb.

Siqaret idxalına nəzər salsaq görərik ki, ötən ilin 11 ayında ölkəmizə Ukraynadan 60,447.35 min dollar, Rusiyadan 5,868.09 min dollar, Belarusdan 997.36 min dollarlıq məhsul gətirilib. Ümumilikdə 67,390.95 min dollarlıq məhsul idxal edilib. Azərbaycandan isə həmin dövrdə 1,617.87 min dollar dəyərində siqaret ixrac olunub. İdxalda dəyər baxımından ilk üçlükdə Birləşmiş Ərəb Əmirlikləri (1,035,16 min dollar), ABŞ (199,12 min dollar) və İran (130 min dollar) qərarlaşıb.

Mənbə: azertag.az