Azərbaycanda qeydiyyata alınan xarici şirkətlərin sayı 69 faiz artdı

Azərbaycanda qeydiyyata alınan xarici şirkətlərin sayı 69 faiz artdı

Fikrət Yusifov: “Bu, ilk növbədə, Azərbaycanın reytinq agentliklərində yerinin daha üstün mövqelərdə olması ilə bağlıdır”

Azərbaycanda xarici kapitallı şirkətlərin sayı artıb. Belə ki, ötən il 2882 100 faiz xarici kapitallı və 359 birgə kapitallı şirkət təsis edilib. Bu da 2018-ci illə müqayisədə 69 faiz çoxdur. Ləğv edilən şirkətlərin sayı 2019-cu ildə təsis edilən xarici kapitallı şirkətlərin sayından dəfələrlə azdır.

Sözügedən şirkətlərin əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir. Belə ki, ötən il əsas kapitalında xarici kapital olan şirkətlərin əsas fəaliyyəti xidmət sahəsi olub - 40,8 faiz. Bunun ardınca ticarət - 24,5 faiz, tikinti - 11,2 faiz gəlir. Xarici kapitallı şirkətlər əvvəllər ölkədə az idi. Xarici kapitallı şirkətlərin sayının çoxalması ölkədə normal investisiya mühitinin olmasından xəbər verir. Bunun nəticəsidir ki, bir il ərzində belə ciddi artım qeydə alınıb. Bu istiqamətdə gedən proseslər onu göstərir ki, xarici kapitallı şirkətlər adətən neft sektorunda olub. Son dövrlər isə qeyri-neft sektoruna diqqət artdığından, artıq o sektorda da şirkətlər yaranmağa başlayıb. Müşahidələr göstərir ki, xüsusilə də xarici şirkətlərin və ya brendlərin nümayəndəlikləri, filialları açılır.

Maraqlıdır, bəs ekspertlər bu artımı necə dəyərləndirirlər? Bir il ərzində bu şirkətlərin sayının belə çoxalması nə ilə bağlıdır?

“İslahatlar prosesində əldə olunan nəticələr kifayət qədər cəlbedicidir”

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, Azərbaycanda xarici kapitallı şirkətlərin sayının artması bir sıra amillərlə bağlıdır: “Bu, ilk növbədə, Azərbaycanın reytinq agentliklərində yerinin daha üstün mövqelərdə olması ilə bağlıdır. Beynəlxalq nüfuzlu təşkilatların, o cümlədən, Dünya Bankının “Doing Business”, Davos Forumunun hesabatında və digər bu kimi hesabatlarda Azərbaycanın üstün yerdə qərarlaşması xarici şirkətlərin diqqətini cəlb edir. İslahatlar prosesində əldə olunan nəticələr kifayət qədər cəlbedicidir və bu, xarici investorların marağına səbəb olub. Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən real islahatları və onların nəticələrini xarici şirkətlər çox ciddi şəkildə kənardan izləyirlər. Müxtəlif mənbələrdən bu məlumatları əldə edirlər. Digər tərəfdən, ölkədə bu yöndə görülən işlər də buna öz müsbət təsirini göstərir. O cümlədən, Prezident İlham Əliyev səviyyəsində Davos Forumunda Azərbaycanın bilavasitə təqdim olunması, ölkə reallıqlarının iş adamlarına və biznes mühitinə çatdırılması öz bəhrəsini verir. Yəni yüksək səviyyəli təqdimat da buna öz təsirini göstərir. Bütün bunların nəticəsində bir il ərzində xarici kapitallı şirkətlərin sayı xeyli artıb. Hesab edirəm ki, 2020-ci ildə bu yöndə daha yaxşı nəticələrin əldə edilməsinin şahidi olacağıq”.

Mənbə: www.baki-xeber.com