Azərbaycanın bəzi yataqlarından neft hasilatına dair proqnoz açıqlanıb

Azərbaycanın bəzi yataqlarından neft hasilatına dair proqnoz açıqlanıb

Cari ildə Azərbaycanın bəzi yataqlarından neft hasilatına dair proqnoz açıqlanıb.

AZƏRTAC Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyinə istinadla xəbər verir ki, bu il “Qum dəniz” (“Bahar”) yatağından neft hasilatının 0,284 milyon barrel, “Balaxanı”dan 1,69 milyon barrel, “Zığ-Hövsan” blokundan 0,528 milyon barrel, “Binəqədi” yatağından 0,977 milyon barrel, “Kürovdağ” yatağından 1,05 milyon barrel, “Kürsəngi-Qarabağlı” yatağından 1,06 milyon barrel, “Suraxanı” yatağından isə 1,18 milyon barrel olacağı nəzərdə tutulur.

Qeyd edək ki, “Qum dəniz” yatağı Bakıdan cənub-şərq istiqamətdə 21 kilometr məsafədə dənizdə yerləşir. Neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib. “Zığ” yatağı Bakının şimal-şərqində yerləşir və 1935-ci ildən sənaye işlənməsinə verilib. “Hövsan” yatağı Bakıdan 20 kilometr şərqdə, Abşeron yarımadasının cənubunda yerləşir və 1948-ci ildən sənaye işlənməsinə verilib. “Binəqədi” yatağı 1896-cı ildən istismar olunmağa başlanıb və Bakıdan 9 kilometr şimalda yerləşir. “Kürovdağ” yatağı Bakıdan 120 kilometr cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1997-ci ildən müştərək müəssisə (“ŞirvanOYL”), 2009-cu ildən isə əməliyyat şirkəti (“Şirvan Opereytinq Compani Limited”) tərəfindən istismar edilir.

“Kürovdağ” neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 1955-ci ildə məhsuldar qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları müvafiq olaraq 1962-ci və 1960-cı illərdən istismar edilməyə başlanıb. “Suraxanı” neft yatağı isə Bakıdan 16 kilometr şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 metr yüksəklikdə yerləşir.

Mənbə: azertag.az