Bakıda Eko Parkların yaradılması – TƏKLİF EDİLDİ - ƏRAZİLƏR

AzETA Azərbaycan Ekoturizm Assosiasiyasının mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə, yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq Eko Parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Qurumdan FED.az-a verilən məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib, o cümlədən, ekoloqlar, torpaqşunaslar, qidroloqlar, coğrafiyaçılar, botaniklar, zooloqlar, iqlimşunaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində Eko Parkların yaradılması imkanlarını araşdırırlar və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər.

AzETA-nın mütəxəssislərinin fikrincə Eko Parkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmilə daha yaxından tanış olmaq, yaşlı nəsilin isə nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaqdır. Bunlarla yanaşı Eko Parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaqdır.

Assosiasiyadan bildirirlər ki, açıq hava turizm fəaliyyətləri – piyada gəzintilər, velosiped gəzintiləri, pikniklar, dağa dırmanma, quşların və heyvanların həyatını seyr etmək, müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında popularlıq qazanmaqdadırlar. İri şəhərlərin qeyri-qənaətbəxş ekoloji durumunu yaxşılaşdırmaq məqsədilə onların ərazilərində Eko Parkların yaradılması bu işə xüsusi töhvə gətirir, əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə yardımçı olur.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində Eko Parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıblar. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbayıl, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınırlar.

AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına tövhə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdırlar, bu isə davamlı inkişafa səbəb olur.

AzETA Azərbaycan Ekoturizm Assosiasiyası 2019-cu ildə təsis edilib. Assosiasiyanın əsas məqsədi ölkədə ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən ibarətdir, o cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə malik olan ölkələr sırasında hər zaman öndə olması üçün fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdır.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

İran Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxa bilər

SONRAKI XƏBƏR

Qurban Qurbanov AFFA-nın konfransına qatılmadı