Naxçıvanda “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı olub

Naxçıvanda “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı olub

Naxçıvan şəhərindəki “Duzdağ” oteldə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi “Dayanıqlı inkişaf məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq cəmiyyətimizdə qadın missiyasının yüksəldilməsi, onların ölkəmizin iqtisadi potensialının artırılmasında bərabərhüquqlu vətəndaş kimi cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, muxtar respublikada qadınların dövlət idarəçiliyində təmsilçiliyi və vəzifələrə irəli çəkilməsi təmin edilir, iqtisadiyyat və sahibkarlıq sahəsində onların mövqeyi möhkəmlənir. Bu gün qeydiyyata alınmış ailə təsərrüfatlarının 67-si qadınlar tərəfindən idarə olunur. Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluqlarının təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində əsas amildir. Əgər ötən il muxtar respublikada 5 min 478 fiziki, 49 isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5 min 527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olurdusa, cari ilin müvafiq dövründə bu rəqəm 6 min 667-yə çatıb. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı, lavaş istehsalı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

Ramilə Seyidova deyib: “Muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. 2019-cu il ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi belə tədbirlər arasında mühüm yer tutur. 2019-cu il aprelin 16-da Naxçıvan Biznes Mərkəzində açılışı olan və 12 ay ərzində davam edən layihə çərçivəsində muxtar respublikada bir sıra fəaliyyət növləri həyata keçirilib. Layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilib. Bu layihə Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində reallaşdırılıb”.

Diqqətə çatdırılıb ki, layihənin hədəf qrupu muxtar respublikada yaşayan, öz bizneslərini yaratmaq və genişləndirmək istəyən qadınlar, xüsusən də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar olub. Ailə və biznes büdcələrinin düzgün idarəedilməsi üçün “Maliyyə savadlılığı” təlimləri çərçivəsində “Gələcəyini planlaşdır” adlı 8 təlim keçirilib. Təlimlərin 3-ü Naxçıvan şəhərində, 1-i Culfa, 1-i Ordubad, 2-si Şərur, 1-i Şahbuz rayonunda təşkil edilib. Təlimin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Həmçinin qadınlara biznes qurmağı və inkişaf etdirməyi öyrədən “Öz biznesinə başla və inkişaf etdir” adlı üçgünlük təlimdə 67 qadının iştirakı ilə 4 təlim keçirilib və iştirakçılara sertifikat təqdim olunub. Təlimdə iştirak edən qadınlar tərəfindən uğurlu biznes planlar tərtib edən muxtar respublikadan olan 63 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına) öz ideyalarını reallaşdırmaq üçün 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib, həmçinin həmin qadınlarla müvafiq müqavilələr bağlanılıb.

“Naxçıvan Muxtar Respublikasında layihə çərçivəsində, Naxçıvan şəhərindən 9, Şərur rayonundan 8, Babək rayonundan 14, Culfa rayonundan 9, Ordubad rayonundan 3, Kəngərli rayonundan 6, Şahbuz rayonundan 8, Sədərək rayonundan 6 qadın olmaqla, 63 qadına, ümumilikdə, 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib. Bunun da 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib”, - deyən Ramilə Seyidova bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsi və layihələrin öz reallığını tapmasına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Cəlal Əliyev “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi barədə ətraflı məlumat verərək qeyd edib ki, bu layihə yeni nəsil maliyyə savadlılığı olan sahibkarların yetişməsinə töhfə verib. Maliyyə savadlılığı olan sahibkarların yetişdirilməsi isə həm maliyyə institutlarının uzunmüddətli, gələcəkdə problemsiz, müştəri qrupu ilə işləməyinə və kiçik və orta bizneslərin daha təkmil böyük bizneslərə çevrilməyinə təkan verəcək.

Vurğulanıb ki, layihə iştirakçılarının böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində sahibkarların əksəriyyəti kişilər olsa da, bu sahədə onlara daha çox kömək edən qadınlardır. Azərbaycan Mikromaliyyə Assosiasiyası bu layihə çərçivəsində maarifləndirilmə istiqamətində qadın sahibkarlarla iş aparıb. Onların maliyyə savadlılığı və biznesin idarəedilməsi sahəsində bilik və bacarıqları artırılıb. Cəlal Əliyev əminliyini bildirib ki, bu layihə Azərbaycanda qadın sahibkarlığının inkişafına töhfə verəcək və regionda yaşayan qadınları sahibkarlıqla məşğul olmağa daha da həvəsləndirəcək.

BMT İnkişaf Proqramının layihə meneceri Vüsal Behbudov layihənin icrası və nəticələri haqqında ətraflı danışıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda icra edilən bu layihə ölkəmizdə dövlət tərəfindən təşviq olunan özünəməşğulluq proqramlarının regionlara çatdırılmasını dəstəkləyir və dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfə verir. Jalə Hacıyeva layihənin icra olunmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə meneceri Sevinc Rüstəmova diqqətə çatdırıb ki, layihədə iştirak edən 390 qadından 319-u Naxçıvan Muxtar Respublikasından, 71-i isə İsmayıllı rayonundan olub. Onlardan 47 nəfəri sağlamlıq imkanı məhdud qadınlar, digərləri aztəminatlı ailələrdəndir. Bu qadınlar “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və inkişaf etdir” təlimlərində iştirak edib və öz biznes ideyalarını biznes planlarda əks etdirməyi öyrəniblər. Sevinc Rüstəmova əminliyini bildirib ki, layihə iştirakçıları başqa qadınlara nümunə olacaq və bununla da sahibkar qadınların sayı ildən-ilə artacaq.

Çıxış edənlər layihənin uğurla həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Layihə iştirakçısı Aygün Bayramova qadınlara göstərilən dəstəyin əhəmiyyətini qeyd edib, minnətdarlığını bildirib.

Sonra layihə iştirakçılarının startap, gənc sahibkar, uğurlu mikro-biznes nominasiyaları üzrə mükafatlandırılması və təlimçi sertifikatlarının təqdimatı olub. Naxçıvan televiziyasının hazırladığı “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” videoçarxa baxış olub.

Layihənin icrasında göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda tədbir iştirakçıları layihə iştirakçısı olan qadınların hazırladığı əl işlərindən və istehsal məhsullarından ibarət sahibkarlıq sərgisi ilə tanış olublar və məhsulların satışı həyata keçirilib.

Mənbə: azertag.az