Koronavirus Bitcoin kursuna necə təsir göstərəcək?

Koronavirus Bitcoin kursuna necə təsir göstərəcək?

Virusa görə bir neçə Çin şəhəri karantinə alınıb.

Çin və bir neçə Asiya ölkəsində yayılan koronovirusa yoluxanların sayı artıq 630 nəfərə çatıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, mövcud epidemiya müxtəlif aktivlərin qiymətinə də təsir göstərə bilər.

Məsələn, "Goldman Sachs" analitiklərinin fikrincə, koronavirus Brend markalı neftin qiymətini 3 dollar ucuzlaşdıracaq. Çünki virusdan dolayı bir neçə hava limanında reyslər təxirə düşəcək.

Məlum olduğu kimi, Çin kriptovalyuta bazarının ən vacib oyunçulardan biridir. Buna görə də, yayılan epidemiyanın Bitcoinə müəyyən təsirinin olması gözləniləndir.

Ekspertlər bu haqda nə düşünürlər?

Mütəxəssislərin mövzu ilə bağlı fikirləri birmənalı deyil. Bəzi ekspertlər koronavirusun kriptovalyuta bazarına təsirinin olacağı qənaətindədir. Bəziləri isə əksinə.

Rusiyalı ekspertlər hesab edirlər ki, epidemiya Çinin hansısa əyalətini deyil, ümumilikdə iqtisadi təhlükəsizliyi risk altında qoyacaq: "Bu ilin əvvəlində ABŞ ilə İran arasında baş verən hərbi konflikt Bitcoin-in sürətlə bahalaşmasına səbəb oldu. İndi isə ehtimal olunan üçüncü dünya müharibəsi epidemiya ilə əvəzləndi. Requlyatorlar daha sərt tədbir görməli olacaqlar. Əgər epidemiya ölkəni cənginə alsa, çox güman ki, bu, mütləq qızılın qiymətinə təsir edəcək (red: Çin qızıl hasilatında dünyada birinci yerdədir - ildə 426 ton). Bu isə özlüyündə qiymətli metalların bahalaşmasına səbəb olacaq. Bu bahalaşma Çinin milli valyutası olan Yuanı zəiflədəcək. Ötən ilin ortalarında olduğu kimi, Yuan zəifləsə rəqəmsal valyutanın qiyməti artacaq".

Bir neçə mütəxəssis isə Çində mövcud epidemiyanın Bitcoin-ə təsir edə biləcəyini düşünmür: "Son illərdə qlobal miqyasda baş verən olaylar əsasən neft, qızıl və bəzi valyutalara təsir edir. Bitcoin və ya Altcoin-ə isə cüzi şəkildə yansıyır. Bu baxımdan da epidemiyaya görə, kriptovalyuta bazarını təhlil etmək hələ tezdir".

Milli.Az

Mənbə: news.milli.az