Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib

London, 29 yanvar, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Sayca on ikincisi keçirilən tədbirin əsas məqsədi daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl olmasına nail olmaqdır. Bu, ölkəmizin sözügedən mötəbər tədbirdə ilk iştirakıdır.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda tətbiq edilən ən müasir bilet və ödəniş sistemləri ilə daha yaxından tanış olub. Tədbirə qatılmaqda əsas məqsəd də məhz dünyanın nüfuzlu qurumları ilə əlaqələr qurulması və əldə edilən təcrübənin Bakı şəhərinin ictimai nəqliyyat və sərnişindaşıma sisteminin inkişafı istiqamətində tətbiq edilməsidir.

Nəqliyyat sahəsinin inkişaf etdirilməsi, vətəndaşlara rahat, təhlükəsiz və əlçatan nəqliyyat xidmətlərinin göstərilməsi, şəhərdə yüksək səviyyəli nəqliyyat sisteminin formalaşdırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir. Bu sistemə keçid sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin və gəlirlərin şəffaflığının artırılması baxımından əhəmiyyətlidir. Nağdsız ödənişə keçid sərnişindaşımada dəqiq analizlərin aparılmasına, hesablamaların daha dəqiq həyata keçirilməsinə də imkan verir. Bu da öz növbəsində, sərnişindaşıma sahəsində sərnişinlərin nəqliyyat tələbatının düzgün iqtisadi əsaslandırma ilə daha təkmilləşdirilmiş şəkildə təşkilinə zəmin yaradır.

“Nəqliyyatda İnnovativ Ödəniş və Bilet sisteminin Qlobal tətbiqi 2020” sərgi-konfransı ictimai nəqliyyatda gediş haqqının innovativ yolla toplanılması, sərnişin məlumatlandırma sisteminin və ağıllı şəhər nəqliyyatının qurulması baxımından əlverişli platforma hesab olunur.

Builki tədbirin gündəliyində ictimai nəqliyyatda ödənişlərin daha da innovativ yollarla aparılması sayəsində mobillik prinsiplərinə nail olunması və bu istiqamətdə inkişaf etmiş şəhərlərdə tətbiq edilən müvafiq siyasətin rolunun müəyyənləşdirilməsinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, şəhərlərin davamlılığının və dayanıqlı inkişafının təmin olunması imkanlarının araşdırılması və əhalinin yeniliklərə maraq dərəcəsinin müəyyən edilməsi kimi aktual məsələlər də diqqətdə saxlanılıb.

Altmış beş ölkədən, o cümlədən Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, Rusiya, Qətər, Argentinadan ictimai nəqliyyatla bağlı dövlət qurumlarının rəhbər şəxsləri tədbirə qatılıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az