BDU-nun tələbələri Neft-Kimya Prosesləri İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun tələbələri Neft-Kimya Prosesləri İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) istehsalat təcrübəsinə başlayıblar.

NKPİ-dən AZƏRTAC-a bildirilib ki, birinci qrupda 27 tələbə fevralın 17-dən martın 13-dək institutun müxtəlif laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər.

Əvvəlcə təcrübəçi tələbələr və onların rəhbərləri - BDU-nun müəllimi, kimya üzrə elmlər doktoru, professor İbrahim Məmmədov və kimya üzrə fəlsəfə doktoru Yeganə Məmmədova institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Vaqif Abbasov tələbələrə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, tələbələrə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.

Sonra institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru, professor Hikmət İbrahimov tələbələri təcrübə keçəcəkləri laboratoriyalar ilə tanış edib, onlar haqqında ətraflı məlumat verib.

Mənbə: azertag.az