Qış yarmarkası davam edir - qiymətlər necədir?

Qış yarmarkası davam edir - qiymətlər necədir?

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında qış yarmarkası keçirilir. Yarmarkada demək olar ki, bütün növ meyvə tərəvəz, ət məhsulları, çərəzlər satılır. Çadır-yarmarkanın girişində alış-verişə gələn valideynlərin uşaqlarının oynaması üçün yer də düzəldilib. Bəs hər şeyin düşünüldüyü yarmarkada qiymətlər necədir?

“Yeni Müsavat”ın əməkdaşı yarmarkada olub, qiymətlərlə maraqlanıb. Öncə bildirək ki, 5-ci gün olduğu üçün yarmarkada çoxsaylı alıcı nəzərə çarpmırdı. Lakin piştaxtalarda meyvələr, çərəzlər bol idi. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, yarmarka yalnız həftə sonu fəaliyyət göstərir:

“Beşinci günlər isə kənddən gələn fermerlər mallarını piştaxtaya düzdükləri üçün günün ikinci yarısında satış etmək mümkündür. Həftə sonu bura xeyli sayda müştəri gəlir. Ona görə də bir gün öncədən məhsulu gətirib, piştaxtaya yığırıq. İnsanlar daha çox meyvə, çərəz almağa üstünlük verirlər. Buradakı qiymətlər mağazalarla müqayisədə 2 dəfəyə yaxın ucuzdur. Səbəb də odur ki, buranı dövlət təşkil edib və bazarlardakı kimi icarə haqqı ”,-deyə söhbət etdiyimiz satıcılar bildirdilər.

Bakı sakini Alim Məmmədov bildirdi ki, yaxınlıqda yaşadığı üçün yarmarkadan alış-veriş etmək ona sərf edir:

“Əvvəlki illərdə meyvə-tərəvəz almaq üçün şəhərdən kənardakı meyvə bazarlarına gedirdim. Tıxaca düşməmək üçün məcbur qalıb gecə saatlarında yola çıxırdım. Həmin bazarlarda kilo ilə satış olmadığı üçün məcbur qalıb meyvəni artıq alırdım və evdə xarab olurdu. İndi isə yarmarkadan yararlanıram və qiymətlər də bazarla müqayisədə heç də baha deyil. Məsələn, burada mal ətinin kiloqramı 9 manat, qoyun əti isə 10 manata satılır. Ancaq digər yerlərdə mal ətinin kiloqramını 11 manat 50 qəpiyə verirlər. Eyni zamanda burada 50 qəpiyə də alma tapa bilərsən. Mağazalarda isə almanın kiloqramı 1.5 manatdan ucuz deyil”.

Konkret olaraq yarmarkadakı qiymət cədvəlini təqdim edirik:

Belə ki, hazırda yarmarkada kartofun kiloqramı 55 qəpik - 1 manat, soğan - 55-70 qəpik, kələm - 45-60 qəpikdir. Pomidor 1 manat 70 -2 manat, xiyar isə 2 manat 50 qəpikdir. Kök 35-80 qəpik, alma 30 qəpik-3 manat, armud 40 qəpik-2 manat, portağal 1. 5-1.8 manat, nar 1.3-2 manat, heyva 0.50-1.5 manat, turşular isə 2-4 manata satılır. Çərəzlərdən qoz 4-10 manat, fındıq 6-8 manat, şabalıd 6.5-9 manat, qoz ləpəsi 7-18 manat, fındıq ləpəsi 13-15 manat, badam 7-8 manat, badam ləpəsi 20-23 manat, qara kişmiş 9-17 manat, sarı kişmiş isə 6-14 manata satılır. Eyni zamanda xurma 4-6.5 manat, püstə 20-26 manat, alma qurusu 3-5 manat, gavalı qurusu 3.5-10 manat, karalyok qurusu 4-6 manat, armud qurusu 3.8-4 manat, alça qurusu 2-6 manat, iydə isə 3.5-6 manatadır. Yarmarkada balın kiloqramı 18-20 manatdan başlayır. Pendir 5-6 manat, şor 3 manat, süzmə 2.8-3, nehrə yağı 10, əridilmiş yağın kiloqramı isə 12 manatadır. Südün bir litrini 1. 3 manata, qatığın litrini 1 manata, toyuqun bir ədədini 5-6 manata satırlar. Yumurtanın qiyməti 0.2-0.3 qəpikdir. Ağ turp 50 qəpik-1 manat, hind toyuğunun kilqramı 13 manat, qazın kiloqramı 10, ördək isə 9 manata satılır.

Qeyd edək ki, “Kənddən Şəhərə” Qış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində olmaqla 5 fərqli nöqtədə təşkil edilir. Nazirlik bildirir ki, qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.

Mənbə: cia.az