Örtülü bazar dostluğu pozar -

Örtülü bazar dostluğu pozar -

İşıq və qazla bağlı xeyli şikayət var. kiçik insanın problemi bəzən həllini tapa bilmir. Ortabab insan haqlı olduğunu sübut etmək üçün ya dağ-qaya ilə dirəşməli, ya da şərti 5-10 manat ödəyib problemi həll etməlidir. Başqa yolu yoxdur.

Qaz və işıqla bağlı problem yaşamayan insan yəqin tapılmaz. Sosial mediada yayılan şərhlərdə ən müxtəlif növ şikayətlə rastlaşırıq. Vəziyyəti hansı tərəfdən araşdırsan, sonda gəlib istifadəçinin cibinə dəyən ziyana dirənəcək.

“Ayda azı iki dəfə işığımı kəsirlər”
Birinin sayğacı düzgün işləmir, digərinə artıq pul hesablanıb. İnsan var limiti keçmədiyi halda ona borcun yazıldığını iddia edir. “Qaz sayğacı tez-tez bloka düşür, öz-özünə kredit götürür. Kimə müraciət edim”, “Anamda da belə vəziyyət olurdu, 104 xidmətinə zəng edin, gəlib dəyişsinlər”, “Sayğacım yenidir, ayda uzaqbaşı 1-2 manat qaz işlədirəm. Bu ay karta məbləğin yalnız yarısı yükləndi”, “bir neçə dəfə sayğac məndən 1 manat pul tutub. Dünən 5 manat yüklədim, 4 manat yazıldı. Qaz sobası və ya qızdırıcıdan demək olar istifadə etmirik” postlarına dəqiqəbaşı rast gəlirik.

İşıqla bağlı da kifayət qədər şikayət var. “Borcum olmadığı halda ayda azı iki dəfə işığımı kəsirlər. Son bir həftədə ikinci dəfədir gecə 10-da uşaqlarla evə gəlib görürəm işığı söndürüblər”, “Azərişığa görəsən nə olub? İki gündür borcumu ödəyə bilmirəm” kimi narazılıq edənlər də var.

Qaz limitinin azalması məsələsinə aydınlıq gətirildi

Limit eksperimenti sayəsində paylaşdırıcı şirkətlərin pul yığını artıb
Hər hansı bir narazılığın kommunal sferada olması normaldır, əgər hər hansı bir ikitərəfli proses reallaşırsa, qarşılıqlı iddiaların olması da təbiidir. "Azərişıq" ASC, “Azəriqaz” İB kimi böyük enerji təchizatçıları yüz minlərlə abunəçini qaz və işıqla təmin edirlər. Belə iri həcmli prosesdə kiçik insanın problemi bəzən həllini tapa bilmir. Ortabab insan haqlı olduğunu sübut etmək üçün ya dağ-qaya ilə dirəşməli, ya da şərti 5-10 manat ödəyib problemi həll etməlidir. Başqa yolu yoxdur. Məhkəməyə də müraciət etməyin adı yoxdur.

Gərək işini-gücünü atıb bu işlə məşğul olasan. İş adamısansa, işdən qalacaqsan, söhbət kiçik məbləğdən gedirsə, qazandığın bir şey olmayacaq. Lap deyək nəhəng bir qurumdan kiçik bir pay qoparmısan, bu nəyi dəyişəcək axı? Həm də məhkəmədə qalib olmaq şansın nə qədərdir?

Bir çoxu haqlı olduğunu sübut etməkdənsə, elə razılığa gəlməyi, bir qədər pul ödəyib işi yoluna qoymağı düşünür. Amma problemin kökündə nəyin durduğunun fərqinə varmırıq çox zaman. Neçə müddətdir Azərbaycanda tətbiq edilən limit sistemi özünü doğrultmadı. Hansısı Avropa ölkəsində, Yaponiyada, hətta Vyetnamda belə heç bir çətinlik olmazdı. Hamı qaydasında pulunu ödəyib xidmətini alardı. Bizdə isə alınmır. Limit eksperimenti sayəsində paylayıcı şirkətlərın pul yığını artıb, amma əhalinin narazılıq səviyyəsi də xeyli yüksəlib.

Sayğacın birbaşa hansısa sistemlə əlaqəsi yoxdur
Qayda nə qədər sadə və anlaşıqlı olsa, prosesi idarə etmək bir o qədər asan olacaq. Qayda nə qədər qəlizləşsə, hər hansı bir qeyri-şəffaflıq üçün şərait yaranır. Limiti keçdinsə, borc gələcək, amma bu borc necə hesablanır? Bax, bunu heç kim dəqiq bilmir. Bu işdə kimsə qaz və ya işıq idarəsinə gedib nəyisə dəqiq hesablatdıra bilirmi? Əmin deyiləm.

"Smart-kart" tipli sayğaclardan imtina xəbərinə aydınlıq gətirildi

Deyək, hər bir istifadəçiyə hər ay 300 kilovatt həcmində elektrik enerjisi 7 qəpikdən satılır, yəni, ayda 21 manat ürəklə işlədə bilərsən. Bu limitdən yuxarı xərclənən hər kilovat enerjiyə görə isə 11 qəpikdən ödəməlisən. SMS tipli sayğaclarda bir qədər müəyyənlik var, ora artıq pul yükləməyin adı yoxdur. Ayda nə qədər işlətdiyin vacibdir. Bu ay 20 manat yüklədin, sərf etmədinsə, elə yerində duracaq. Gələn ay da 20 yükləyib 30 manat işlətdinsə, 21 manatı 7 qəpikdən, 9 manatı isə 11 qəpikdən hesablayacaq. Mobil provayderin verdiyi meqabaytlar kimi: bu ay sənindir, işlətmədinsə, batacaq, yəni xeyri olmayacaq.

Məhəmmədi kəndi, kəndin girəcəyində yerləşən “Binalar” kompleksi, Pirşağı, Kürdəxanı və Novxanının bir hissəsində olan kartlı sayğaclar başqa prinsiplə işləyir. Sayğacın birbaşa hansısa sistemlə əlaqəsi yoxdur. SMS tipli sayğacda olan kimi mərkəzi sistemdə abunəçinin nə qədər elektrik işlətdiyi bilinmir. Sadəcə hər pul yükləmə sistemdə qeyd edilir. Əgər limiti, yəni 21 manatı bir ayda keçməsən, gələn ay borc yazılmır.

Keçsən, hər yüklədiyin əlavə məbləğə görə elektrik enerjisi 11 qəpikdən hesablanır. Kimsə səhvən əlavə pul yükləsə, mütləq gələn ayın əvvəli sistemdə borcu görünəcək. İşlətdi, işlətmədi, mənası yoxdur. Amma bu sistemdə də manipulyasiya üçün xeyli imkan var. Tez-tez hansısa bir abunəçiyə borc da yazılır, yəni, deyək ki, 20 manat yükləmisən, limiti keçməmisən, amma baxırsan 1 və ya 2 manatlıq borc var. İşıqsız otura bilməzsən axı, yükləməyə məcbursan, bu halda həmin borc yüklənən məbləğdən tutulur.
Bir-iki manata görə heç kim 5-6 manat xərcləmək istəmir
Bu əraziyə baxan işıq idarəsi Novxanıda yerləşir. Məhəmmədi kəndindən Novxanıya gedib çıxmaq, sonra isə geri dönmək üçün düz bir gün itirməlisən. Bir-iki manata görə heç kim 5-6 manat xərcləmək istəmir. Özü də Novxanıdakı işıq idarəsində insan əlindən tərpənmək mümkün deyil. Hərə bir dərdi ilə gəlir. Özü də nə boyda yeşəffafkəlikdə bir dərdlə. Doğrudur, ASAN Kommunal xidmətinə müraciət etmək olar. Amma belə bir problemin həllini onlar da bilmir, çünki ümumi sistemə qoşula bilmirlər. Gərək bir şikayət ərizəsi yazasan, qəbul edələr, sonra da 5 iş günündə problemə reaksiya göstəriləcək. Deyirlər, gəlib sayğaca baxış keçiriləcək, amma bu sırf sistemdə yaranan çatışmazlıqdır. Amma ASAN Kommunalın da yaxşı cəhəti az deyil. Əgər işıq kartı korlanıbsa, işığı evin köhnə yiyəsinin adından öz adına keçirmək istəyirsənsə, bu halda yararlanmaq olar. Hər halda Novxanıya getməkdənsə, bu mərkəzlərin birində işini həll edə bilərsən.

Şəffaf qutular gəlir - "Azəriqaz" müdaxilələrin qarşısını alacaq

Qaz kartında da bloka düşmək, pul silinmək halları olur. Sistem nə sayır, necə sayır biz bilmirik. Təbii istifadəçi illik 1700 kubmetr limiti ötmürsə, onda çətinliyi yoxdur, amma ötdüsə, sayğac ikiqat hesablayacaq. İkiqatmı? Bunu da dəqiq bilmirik. Adi vətəndaşın nə qaz, nə işıq idarəsini nəzarət etmək imkanı yoxdur. Hətta sayğacda bir problem yarandıqda, haqq-ədalət davasına çıxmaq da mənasızdır. Sayğacı da özü satır, plombunu da özü vurur, laboratoriyada öz əlindədir. Bəyəm analiz edəndə bu prosesi videoya-zada çəkirlər? Əlbəttə, yox.

Sayğac mənzildən və ya həyət evindən kənarda yerləşdirilir deyə onun təhlükəsizliyinə heç kim zamin ola bilməz. Əhali "Azərişıq" və “Azəriqaz”a olan neqativ münasibəti məhz əməkdaşlarının qeyri-etik davranışı, kobudluğu və digər qeyri-adekvat davranışı sayəsində formalaşıb. Adətən dünyanın hər yerində belə əməkdaşlardan tezliklə yaxa qurtarmağa çalışırlar, bizdə isə ört-basdır etməyə üstünlük verilir.

Kimsə də işığı 7, qazı 10 qəpikdən aşağı təklif etməyəcək ki?
Çıxış yolu varmı? Dünya praktikasında bu kimi hallarla mübarizə üçün çox metod düşünülüb. İnkişaf etmiş ölkələrdə adətən bir yox, onlarla paylayıcı şirkət olur. Biri ilə yola getməsən, enerjini başqasından ala bilərsən. Bazarda olan sərt rəqabət bir növ həm qiyməti, həm də xidmətin səviyyəsini tənzimləyir. Belə şəraitdə çalışan şirkətlər reputasiyanın qorunması üçün əllərindən gələn hər şeyi edirlər.

Amma bu yol bizim üçün mümkünsüzdür, çünki kiminsə bu bazara daxil olub mövcud olan qurumlardan daha yaxşı xidmət göstərəcəyinə ümid etmək mənasızdır. Bu, internet və ya mobil əlaqə deyil ki, bir-iki ötürücü və ya min metrlik kabel ilə haranısa təmin edəsən. Ölkədəki infrastrukturun qurulmasına dövlət hesabına milyonlarla vəsait xərclənib. Qiymət də ümumilikdə elə də çox deyil, yeni şirkətin bazara daxil olması yalnız qiymət artımına gətirə bilər. Kimsə də işığı 7, qazı 10 qəpikdən aşağı təklif etməyəcək ki?

"Azəriqaz" yeni mənzillərdə yaşayan sakinləri sevindirdi

Bir çox aparıcı ölkədə böyük korporasiya, nəhəng monopolist şirkətlərlə mübarizə yolları düşünülüb. Bu şirkətlərin fəaliyyətinə nəzarət mexanizmləri mövcuddur. Əgər monopolist paylayıcı şirkət həm sistemə nəzarət edirsə, həm də sayğac laboratoriyası əlindədirsə, deməli əlində həddən artıq səlahiyyət toplayıb. Bu səbəbdən də daha çox vəsait toplanması, sayğac satışı məsələsində maraqlıdır. Elektrik itkisi var, haradasa qaz sızır, yaxud başqa problemin olması heç kimi maraqlandırmır. Nə rəhbərliyi, nə də işçiləri. İtki var, nə olsun? Bir müştərinin üzərinə borc yazarıq, qurtardı getdi. Sahəni gəzməyə ehtiyac da duyulmur.

ASAN Kommunalın yaradılması əslində müəyyən səlahiyyətlərin ötürülməsi istiqamətində atılan bir addımdır. Sözsüz, insanların rahatlığı, sosial gərginliyin azalması baxımından ictimai nəzarətin güclənməsi, alternativ laboratoriyaların yaradılması, şəffaflığın yüksəldilməsi yönündə işlərin görülməsi lazımdır.

Bazarda çalışmaq üçün hazırda bir sıra restoran sahibləri şəffaf şüşədən mətbəx qururlar. Bu maraqlı təcrübə dünyanın çox yerində maraqla qarşılanır. Deməli, bizim enerji paylaşdırıcılarımızın da “şəffaf şüşələri” olmalıdır.
Sputnik.az

Mənbə: teref.az