Koronavirusun turizm sektoruna təsirləri - İrandan gələn turistlərin sayı azala bilər

Koronavirusun turizm sektoruna təsirləri - İrandan gələn turistlərin sayı azala bilər

Ənənəvi olaraq Novruz bayramı günlərində Azərbaycana İrandan turist axını müşahidə olunur. Lakin Cənub qonşumuzda koronavirus epidemiyasının yayılması bu il İrandan ölkəmizə gələn turistlərin sayının azalacağını düşünməyə əsas verir.

Novruz bayramı günlərində Azərbaycana 10 minlərlə turist səfər edir. Novruz bayramını ən coşğulu qeyd edən ölkələrdən olan Azərbaycana xüsusilə İrandan turist axını müşahidə edilir. Ötən il İrandan Azərbaycana təkcə mart ayında 35 min, ümumilikdə isə il ərzində 255 min turist səfər edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlovun sözlərinə görə, bu il İrandan Azərbaycana səfər edən turistlərin sayının 300 mini keçəcəyi proqnozlaşdırılırdı. Lakin qonşu ölkədə koronavirus epidemiyasının yayılması bu hədəfin reallaşdırılmasını sual altında qoyur.

Əlbəttə ki bu virusun bu ölkədə aşkarlanması İrandan Azərbaycana gələn turistlərin sayına da əlbəttə ki təsir edə bilər. Hazırda qısa müddətdə bu baş verdiyi üçün ümumi monitorinq aparılır. Vəziyyət müşhaidə olunur və nəzarət olunur ki, bazarda vəziyyət necədi. İlk növbədə dövlət qurumlarının mövqeyi və atacağı addımlar əhəmiyyətlidir. Bundan sonra turizm şirkətləri üçün görəcəkləri və atacaqları addımlar məlum olacaq.

Amerika Birləşmiş Ştatları tərəfindən İrana sanksiyalar tətbiq olunduğundan bu ölkənin vətəndaşları plastik kartlar və digər onlayn ödənişlərdən geniş istifadə edə bilmir. Ona görə də İran vətəndaşları Novruz tətili ilə əlaqədar Azərbaycanın turizm obyektlərində kütləvi rezervasiyalar həyata keçirməyib.

Ümumiyyətlə dünyada turistlər arasında bir xof yaranıb ki, insanlar başqa ölkələrə səyahət etmirlər ki, bu virusa yoluxa bilərlər, hamı öz evində oturmaq istəyir. Ona görə mən düşünürəm ki, digər illərə baxanda bu il turizm cəhətdən bir az durğunluq müşahidə olunacaq. Düzdü əvvəlcədən proqnoz vermək çətindi bu baxımdan amma yenə də biz düşünürük ki müəyyən sayda İranlı turistlərimiz Azərbaycana gələcək Novruz ərəfəsində.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən aprelin 15-nə qədər qeyri-iş günü olur. İran vətəndaşları 1 aya yaxın davam edən tətil günlərini xarici ölkələrdə keçirməyə üstünlük verir.

Mənbə: www.atv.az