Virusun neft bazarına xeyri: Satışı artıra bilər - TƏHLİL

Virusun neft bazarına xeyri: Satışı artıra bilər - TƏHLİL

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı Azərbaycanda da ehtiyat tədbirləri gücləndirilib.
Mübarizə tədbirləri çərçivəsində konkret məhdudiyyət tətbiq etmək mümkün olmasa da, Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılıb. Buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Dövlət Gömrük Komitəsi ölkə vətəndaşlarını zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməməyi tövsiyə edir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5567,7 min nəfər olub ki, onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib. Bu o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir.
Gömrük-sərhəd keçid məntəqələrində müəyyən məhdudiyyətlərin tətbiqi İranla Azərbaycan arasında iqtisadi əlaqələrə təsirsiz ötüşməyəcək. Novruz bayramı ərəfəsində gələcək turistlərin sayının kəskin azalacağı, eyni zamanda Azərbaycandan İrana alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayının ciddi surətdə azalacağı proqnozlaşdırılır. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) də, İrana müntəzəm marşrut xətləri üzrə gündəlik hərəkət edən avtobuslarda heç bir dəyişiklik edilmədiyiniaçıqlayıb. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq.
Məlum epidemiya ilə əlaqədar yalnız Çindən ölkəmizə gətirilən bir sıra ərzaq məhsullarının idxalına qadağa tətbiq olunub. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, Azərbaycana Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulub. Koronavirusun insana ilk növbədə heyvandan keçdiyi güman edilir.
Dövlət Statistika Komitəsinin keçən ilki hesabatında deyilir ki, Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü yerdədir. Azərbaycanın ümumi idxalının 10 faizindən çoxu bu ölkənin payına düşüb. Hesabata görə, 2019-cu ildə Çindən Azərbaycana 1.5 milyard dollara yaxın məhsul idxal edilib. Azərbaycana Çindən müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik mallar idxal edildiyi bildirilir.
Ümumiyyətlə, öldürücü koronavirusun yaratdığı ajiotaj iqtisadiyyatın bütün sferalarına, o cümlədən enerji bazarına da mənfi təsirləri var.
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, koronavirusun iqtisadiyyata təsirləri barədə ümumi proqnozları şablon şəkildə vermək mümkündür:
“İlkin qiymətləndirməyə əsasən, məhdudiyyət istənilən idxal-ixrac əməliyyatlarına mənfi təsir göstərəcək. Son məlumatlara görə, İranda koronavirus nəticəsində 12 nəfərin öldüyü, 47 nəfərin bu virusa yoluxduğu rəsmən təsdiqlənib. Şübhəsiz ki, Azərbaycan öz ərazilərini qorumaq məqsədi ilə profilaktik tədbirlərlə yanaşı, karantin rejiminə keçməli olacaq. Çindən ölkəmizə gətirilən bir sıra ərzaq məhsullarının idxalına tətbiq olunan qadağa idxalın azalmasına səbəb olacaq. Vəziyyət belə davam edərsə, proses idxalın tamamilə dayandırılmasına qədər davam edə bilər. Epidemiya İranda daha sürətli vüsət alarsa, bu ölkə ilə Azərbaycan arasında idxal-ixrac əməliyyatlarına tamamilə məhdudiyyət qoyula bilər. Bu isə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, cənub bölgələrində yaşayan vətəndaşlarımız ərzaq və digər gündəlik tələbat mallarını məhz İrandan alırdı. Məlumdur ki, hər il Novruz bayramı ərəfəsində Azərbaycana daha çox iranlı turistlər gəlir. Bu il İrandan gələn turistlərin sayının əvvəlki illərlə müqayisədə azalması gözlənilir. Bu isə öz növbəsində iaşə obyektlərinin, restoran, otel, turizm və digər buna yardımçı sektorlara mənfi təsirini göstərəcək. Digər tərəfdən, ərəb ölkələrindən avtobusla İrandan Azərbaycana gələn turistlərin sayında da kəskin azalma müşahidə olunacaq. Epidemiya demək olar ki, bütün sektorlara mərhələli şəkildə mənfi təsirini göstərəcək”.
Neftin qiymətinin kəskin düşməsi riskinə gəlincə, ekspert bu barədə proqnoz verməyin çətin olduğunu deyib:
“Koronavirus bütün sektorlarda qiymət dalğalanması yaradıb. Gözlənilməz şəkildə, hətta neftin qiymətinin artdığı da müşahidə oluna bilər. Ancaq epidemiyanın neft qiymətinin aşağı düşməsinə səbəb olduğunu demək səhv yanaşmadı. Çünki hazırda neftin qiymətinin formalaşması və qiymətəmələgəlmə prosesi ən çox dünya birjalarında gedən ticarətin həcm indikatorlarından asılıdır. Təbii ki, qlobal hadisələr baş verdiyi təqdirdə bazar ona dərhal reaksiya verir, amma bundan sonra ticarət həcm indikatorlarının təsiri altına keçmiş olur. Bu mənada neftin qiymətinin koronavirusa görə, aşağı düşməsini demək bir qədər yanlış olar”.

Mənbə: www.dia.az