İnam Kərimov “AMAL”ın iştirakçıları ilə görüşüb - Fotolar

İnam Kərimov “AMAL”ın iştirakçıları ilə görüşüb  - Fotolar

Lənkəran rayonunda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.

Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.

Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb.

AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə aqrar sahənin inkişafı, gənclərin kənd təsərrüfatının inkişafında rolu barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Səfər çərçivəsində tədbir iştirakçıları Lənkəran rayonunun Bürcəli kəndində AMAL layihəsi çərçivəsində salınmış sitrus meyvə baglarına baxış keçirib, gənc fermerlərlə görüşüblər.

Daha sonra “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.

Mənbə: qafqazinfo.az