"İqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq"-RƏY

"İqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq"-RƏY

Beynəlxalq birja indeksləri 6 trln ABŞ dollarına yaxın azalıb.
Koronavirus epidemiyasının təsiri ilə yanvarın 20-dən beynəlxalq birjalarda səhmlərin ümumi bazar dəyəri 5,7 trilyon ABŞ dolları və ya 6,4% azalaraq 83,425 trilyon ABŞ dollara enib.
Bu barədə "Bloomberg" xəbər verir.

Qeyd edək ki, bu rəqəm dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiyanın milli gəlirinə bərabərdir.
Bu barədə iqtisadi-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, burada təkcə beynəlxalq birja indeksləri deyil, eyni zamanda neft qiymətlərində də azalmalar müşahidə olunur:

"Azərbaycan iqtisadiyyatına beynəlxalq birjalarda azalmaların birbaşa təsiri yoxdur amma dolayı təsirləri sözssüz ki, olacaq. Həmin birjada alış-veriş qiymətləri dünya bazarında bütün ticarət dövriyyəsinə təsir edir. Yəni, Azərbaycan daxili tələbatı idxaldan asılı olan ölkədir. Bu baxımdan hesab edirəm ki, idxal mallarının qiymətinin bir qədər artmasına səbəb olacaq. Beynəlxalq aləmdə, ümumiyyətlə inkişaf etmiş ölkələrdə bu indeksin təsiri daha güclüdür. Azərbaycan dünya iqtisadiyyatından bir qədər təcrid olunmuş formadadır, yəni tam inteqrasiya etməyib. Məsələn, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) həqiqi üzvü olan ölkələrə bu təsirlər birbaşadır amma Azərbaycana isə bir qədər dolayı təsirləri var. Bir daha qeyd edirəm ki, bu idxal mallarında qiymətlərin qalxması kimi Azərbaycana təsir edəcəkdir".
İqtisadçı-Ekspert koronavirusun Azərbaycan iqtisadiyyatına təsirlərindən danışanda sərhədlərimiz ilə birbaşa təmasda olan üç əsas tərəfdaş ölkənin İran, Gürcüstan və Rusiya olduğunu qeyd etdi:

"Bildiyiniz kimi artıq beynəlxalq mediada geniş şəkildə İranda olan vəziyyətin təhlükəli olması yazılır və qeyd olunur ki, İranla sərhədləri bağlamaq lazımdır. Digər tərəfdən bu günlərdə Gürcüstanda da bu virusa yoluxmuş adamların aşkarlandığı ortaya çıxıb. Azərbaycan üçün İran birbaşa idxal ölkəsi olsa da, Gürcüstan idxalda əsasən tranzit ölkədir. Əsasən Avropadan və digər ölkələrdən gələn məhsullar Gürcüstan üzərindən bizə idxal edilir. Yəni, Gürcüstan idxalın əsas tranzit ölkəsidir. İrandan gələn məhsullara tələbatın artması ilə ölkəmizdə həmin növdən olan məhsulların qiymətinin də qalxmasına səbəb olacaq. Əgər bunun ardınca Gürcüstanda da vəziyyət gərginləşsə və sərhədlərdə məhdudiyyət qoymaq lazım gələrsə onda Azərbaycan iqtisadiyyatın da vəziyyəti gərginləşəcək. Ölkə daxilində ciddi böhran yaşanması gözləniləndir".

Ekspert bu virusun Gürcüstanda yayılması məsələsinin belə intensivləşməyəcəyini bildirib:
"Çünki bu virus öz təbii təsirləri ilə yayılmır. Bu həm də informasiya müharibəsidir. Bunu ona görə deyirəm ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə koronavirusun aşkarlandığı 128 ölkə var. 128 ölkədən yalnız həyəcanlı xəbərlər Çindən və İrandan gəlir. Çin ilə İran isə dünyanın super gücləri ilə qarşı-qarşıya duran dövlətlərdir. Məsələn bu günə qədər ötən bir il ərzində Çin ilə Amerika arasında iqtisadi müharibə gedib. Qarşılıqlı sanksiyalar ,qarşılıqlı rüsumların qaldırılması, Amerika hərbi gəmisinin Çin sərhədlərinə yaxınlaşması və onu təhdid etməsi, yəni 2019-cu il ərzində bütün bunları müşahidə etmişik. Bunun ardınca Çindən koronavirusu xəbəri eşidildi. Daha sonra nüvə proqramı məsələsində Amerika ilə İranın qarşıdurmaları var. Əvvəl razılaşmaq istədilər sonradan razılaşma pozuldu və Amrika İran ilə münaqişə vəziyyətindədir. Amerika, Avropa ilə gərginliyi olan ölkələrdə bu koronavirusu yayılır. Hesab edirəm ki, Azərbaycan üçün dünyada nəfəslik kimi sayılan Gürcüstanda bu virusun yayılması ehtimalı yoxdur. Ona görə də Azərbaycanın bir qədər iqtisadiyyatının nəfəs yolu qalacaq. Ola bilsin ki, gələcəkdə Rusiyada da bu virus yayılsın. Çünki, Rusiya da həmin qəbildən olan ölkələrdəndir. Təsnifat aparsaq Şimali Koreya, Rusiya, İran və sairə bu ölkələr dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi və siyasi baxımdan razılaşmayan, onların qaydalarına uyğun hərəkət etməyən ölkələrdir. Belə ki, həmin ölkələr hədəfdədir. Hesab edirəm ki, bizim iqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq. Həmin məhsullar bir müddət bahalaşacaq və növbəti mərhələdə başqa ölkələrdən idxal artırılacaq və kompensasiya olunacaq. Amma Amerikanın İran və Çin ilə də problemi uzun sürməyəcək. Düşünürəm ki, qarşıdakı yaxın bir neçə həftədə o ölkələr ilə də problem aradan qalxacaq.

Yəni, elan olunacaq ki, artıq koronavirusun peyvəndi var, onu müalicə etmək də mümkündür və bunun təhlükəsiz olduğu anlaşılacaq. Bu da onunla bağlıdır ki, hər iki ölkə dünya birliyinin istədiyi danışıq masası arxasında oturacaq".

Ağazadə Fəridə

 

 

Mənbə: sonxeber.az