Azərbaycan və Ukrayna alimləri birgə tədqiqatlar aparır

Azərbaycan və Ukrayna alimləri birgə tədqiqatlar aparır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft

və Qaz İnstitutu və Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Geologiya Elmləri İnstitutunun alimləri Qafqaz regionunun geoloji quruluşunun öyrənilməsinə dair birgə tədqiqatlar aparır.

Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın maykop seriyası yataqlarının öyrənilməsi üzrə birgə tədqiqat işlərində iştirak etmək üçün Ukrayna MEA-nın Geologiya Elmləri İnstitutunun Müasir dəniz sedimentogenezi bölməsinin böyük elmi işçisi, geologiya üzrə fəlsəfə doktoru Anna Kluşina institutda olub. O, tərəfləri maraqlandıran sahələrdə Neft və Qaz İnstitutunda görülən işlərlə tanış olub, birgə iş planı hazırlanıb. Planda birgə laboratoriya tədqiqatlarının aparılması, əldə olunan nəticələrin analizi, Azərbaycan və Ukrayna alimlərinin respublika və beynəlxalq səviyyəli elmi jurnallarda birgə məqalələrinin nəşri, o cümlədən beynəlxalq konfranslarda təqdimatlar edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, qeyd olunan institutlar arasında elmi əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə “Qafqaz regionunun çöküntü hövzələrinin neftqazlılığı ilə əlaqədar geoloji quruluşun öyrənilməsi” mövzusu üzrə iki qurum arasında birgə tədqiqatlar aparılması nəzərdə tutulur.

Müqaviləyə əsasən 2020-2022-ci illər ərzində “Ön Qafqaz və Zaqafqaziyanın mikrofauna və mikroflorasının müxtəlif qrupları üzrə çöküntü təbəqələrinin nisbi yaşının müəyyənləşdirilməsi ilə Kaynozoy çöküntülərinin stratiqrafiya, paleontologiya və paleogeoqrafik vəziyyəti” mövzusu prioritet istiqamət kimi götürülüb.

Mənbə: azertag.az