Məşhur musiqiçini 30 il həbs cəzası gözləyir

Məşhur musiqiçini 30 il həbs cəzası gözləyir

Pop musiqisinin məşhur ulduzu, “R&B” janrının məşhur siması Ar-Kelli Çikaqoda həbs edilib.

“Lenta.ru” xəbər verir ki, müğənniyə uşaq pornoqrafiyasının istehsalı, yetkinlik yaşına çatmayan şəxslərə cinsi təcavüz və istintaqın qarşısının alınması kimi 10-dan artıq ittiham irəli sürünüb.

Hüquq-mühafizə orqanları rəsmiləri sənətçinin məhkəmə prosesində iştirakı üçün Nyu-Yorka aparılacağını bildirir. Musiqiçiyə qarşı irəli sürülən ittihamlar təsdiqini tapsa, onu 30 il qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Ar-Kellinin adı musiqi karyerası boyunca dəfələrlə oxşar xoşagəlməz hadisələrdə çəkilib. 1998-ci ildə Şimali İllinoys Prokurorluğu onu yetkinlik yaşına çatmayan şəxslərin intim görüntülərini çəkərək yaymaqda ittiham edib.

Qurbanların susması üçün ulduz onlara pul ödəyib. Digər hallarda isə o, fiziki şiddətə, təhdid və şantaja əl atmaqdan belə çəkinməyib. Nyu York prokurorluğunun təqdim etdiyi iddianamədə deyilir ki, Ar-Kelli və əlbir olduğu şəxslər onun zövgünə uyğun qızların axtarışı ilə məşğul olublar. Musiqiçi istəklərinə uyğun gələn namizədlərə qarşı zor tədbiq edərək onlarla cinsi əlaqədə olub. Bəzi hallarda isə həmin anları kameranın yaddaşına həkk edib.

Qeyd edək ki, Ar-Kellinin adı xoşagəlməz olaylarda hallansa da, onun “Kosmik cem” filmi üçün bəstələdiyi “I Believe I Can Fly” saundtreki, eləcə də dünya pop musiqisinin kralı Maykl Cekson üçün yazdığı “You Are Not Alone” müğənninin karyerasında pik nöqtə kimi dəyərləndirilir.

Rəşad Əliyev

Mənbə: www.oxu.az