Məşhurlarımız yay aylarında hansı kitabları oxuyurlar? - Sorğu

Məşhurlarımız yay aylarında hansı kitabları oxuyurlar? - Sorğu

Yay fəsli kitab oxumaq üçün əsl fürsət hesab olunur. Günəş, dəniz, qum və çoxlu boş vaxt...

Adətən işlərin çoxluğundan mütaliəyə vaxt ayıra bilmədiklərini bəhanə gətirən məşhurlar yay aylarında kitab oxuya bilirlərmi?

“Yeni Sabah” bu barədə sənətçilər arasında sorğu keçirib.

Əməkdar artist Elza Seyidcahan:

“Bəli, həmişə mənim çarpayımın yanında kitab olur. Bəstəkar olduğum üçün daha çox şeir kitabları oxuyuram. Onları oxumasan, necə mahnı bəstələmək olar? Ona görə çalışıram hər zaman kitab oxuyum. Bu yaxınlarda Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin şeir kitablarını oxumuşam. Belə qənaətə gəldim ki, M.Ə.Sabirin sevgi haqqında çox şeirləri yoxdur. O, şeirlərində daha çox keçmiş zamanın problemlərindən bəhs edib. Mollaların, tacirlərin əməllərindən, məktəblərin vəziyyətindən, fəhlə, kəndlilərin halından yazıb”

Bəstəkar kitabların insanın ən yaxın dostu olduğunu vurğulayıb:

“Rusların görkəmli şairlərdən biri dünyasını dəyişəndə heçkəslə sağollaşmayıb, deyib ki, “Mənim ən yaxın dostlarım kitablarım, sizə əlvida deyirəm” onun ən yaxın dostları kitabları olub. Ona görə, insanın ən yaxın dostu kitablardır. Depressiyaya düşən insanın, ümumiyyətlə narahatlığı olan insanın ən yaxın dostu kitablardır”.

Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva:

“Düşünürəm ki, hər kəs kitab oxumalıdır. Mən özüm də oxuyuram. Daha çox vokal haqqında, klassik musiqi haqqında kitablar oxuyuram. Böyük bəstəkarların həyatı ilə maraqlanıram. Mən həmişə öz sahəmdə inkişaf etmək istəmişəm, ona görə daha çox ixtisasımla bağlı ədəbiyyata müraciət edirəm. Digər janrda olan əsərləri də vaxtilə oxumuşam, indi isə yalnız öz sahəmlə bağlı oxuyuram – klassika, epoxalar, vokalın inciləri, dünyada operaların tarixi haqda öyrənirəm. Bilirsiniz, opera janrı çox geniş janrdır. Ona görə də çalışıram ki, lap dərindən öyrənim. Mənə hazırda çox maraqlıdır ki, bir operanı götürüm, həmin əsər haqda ətraflı məlumat alım, bəstəkar o əsəri hansı dövrdə, nə üçün yazıb, ilk dəfə hansı opera teatrında səslənib bunları öyrənim, təhlil edim. Mən internetdən də kitabları yükləyib oxuyuram lakin, evimdə də kitablarım kifayət qədərdir. Bəzi kitablar var ki, ölkədə tapmaq olmur bu zaman internet çox yardımçı olur”.

Xalq artisti Gülyaz Məmmədova:

“Mən kitab oxumağı çox sevirəm, hətta həmişə gileylənirəm ki, gənclərimiz internetə meyllənirlər, çox kitab oxumurlar. Düzdü, internetin müsbət cəhətləri olsa da, gəncləri kitablardan uzaqlaşdırır. Qəzet, jurnal, kitab oxumaq insanın zehninə müsbət təsir edir. Oxumağın çox faydası var. Mən həmişə vaxtımı dəyərləndirirəm, elə uşaqlıqdan kitabları çox sevmişəm. Həmişə tarixi əsərlər, romanlar, povestlər oxuyurdum. Şeirlər, qəzəllər də oxuyurdum. Mənim üçün janr fərqi yoxdur, diqqətimi çəkən hər mövzuda oxuya bilərəm. Buğa bürcüyəm deyə, istəyirəm həmişə hər şeydən xəbərim olsun, hərtərəfli insanam”.

Xalq artisti Flora Kərimova:

“Mən vaxtında həm həyat dərsi keçib, həyat universitetini btirmişəm; həm də kitabların hamısını demək olar ki, oxumuşam. Mən inanmıram ki, şou biznesdə o vaxtlar mənim qədər oxuyan olardı. O vaxtdan yığdığım ehtiyatım var. Daha çox tarixi kitablar oxuyurdum, sevgidən yazılan romanları sevmirdim, tarixdə olmuş sevgilər istisna olmaqla. Detektiv janrını sevirdim, bu janrda çox kitablar oxumuşam”.

Əməkdar artist Lalə Məmmədovanın köməkçisi Vəfa xanım bildirdi ki, ifaçı nə qədər çox işləsə də hər zaman kitab oxumağa vaxt ayırır:

“Bir kitabı bitirir, azca fasilədən sonra yenisinə başlayır. Lalə xanım həmişə mütaliə edir”.

Əsmətxanım

Mənbə: yenisabah.az