Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu

Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu

Milli.Az Modern.az-a istinadla jurnalist Səfurə Çərkəzqıznın Süleyman Ələsgərovdan bəhs edən yazısını təqdim edir.

O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi...

"Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda "desyat" dedim. Məndən sonra dayanan oğlansa "odinnadsat" əvəzinə "desyat odin" dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə "odinnadsat" sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik.

Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim, nə bilim, qismətdi də...

Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə. Əliağa özü də gedirdi. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rollar verdi. Düz 3 il təbliğat- təşviqat briqadasında işlədik, dənizçilərin qarşısında çıxış elədik. Belə-belə dərsdən soyudum, həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Yetim oğlandım, mənə bu da bəsiydi. Sonra bu sənətin aşiqi oldum. 1936-cı ilin mart ayının 9-u Gənc Tamaşaçılar Teatrına getdim"...

...Beləcə, Süleyman Ələsgərovu həmin teatrın səhnəsində görməyə alışdıq. Düz 65 il...

***


Onu ən çox Cəbiş müəllim kimi sevdik, tanıdıq... Bir aktyor kimi bunun xoşbəxtliyini, ləzzətini yaşadı. Amma hərdən - Cəbiş müəllim Süleymanı kölgədə qoyanda buna acığı da tutdu, yaratdığı obrazı qısqandı...

"Küçəylə gedirəm, dayanıb salam verirlər: "Salam, Cəbiş müəllim, necəsiz?" Deyirəm, a bala, bir mənim öz adımı de görüm. Qalır üzümə baxa-baxa. Heç kəs Süleyman Ələsgərovu tanımır. Yetən "Cəbiş müəllim" deyib yapışır yaxamdan".

...Amma rolu ilə məşhur olub tanınmaq hər akyorun qismətinə düşən pay deyil ki!

"Filmin rejissoru Həsən Seyidbəyli elə can qoymamışdı ki, bəhrəsi olmasın. Hər məşqdə mənə dönə-dönə deyirdi ki, Süleyman, Cəbiş müəllim səninçün Huşsuz əmi deyil haa! Huşsuz əmini uşaqlarçün oynamışdım. Xaraktercə Cəbiş müəllimdən çox fərqlənirdi.

...Bir dəfə də olsun, demirdi ki, xoşumgələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən!. Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu".

Nədənsə, adama elə gəlir ki, Cəbiş müəllim elə Süleyman Ələsgərovun özüdü. Bəlkə, elə özünü oynadığına görə rol bu qədər uğurlu alınıb?

"Oxşarlığımız çoxdu. Mən də sadə adamam, o da. Mənimçün də, onunçün də qanun qanundu. Hələ bu yaşıma qədər qanundan kənar bir iş görməmişəm. Cəbiş müəllim də vətənini, ailəsini, sənətini sevir, mən də. Sənətə böyük məhəbbətim var: elə bilirəm, səhnədən getsəm, o saat nəfəsim tükənər".

Amma özünü kinoda bəxti gətirənlərdən saymayıb. Cəmi bir- iki filmə çəkilib: "Bizim Cəbiş müəllim", "Köhnə bərə", "İstintaq davam edir", "O qızı tapın", "Bağ evi"... Rollarının çoxu epizodik olsa da, bundan qətiyyən narazılıq etməyib:

"Yeri gələndə epizodik rollarımı baş rollara dəyişmərəm. İstədiyim qədər çəkilə bilməməyim məni incidir. Bununçün nələrdənsə keçmək lazımıydı. Mən bunu bacarmadım".

***

 


Xalq artistini "Mahmud və Məryəm" tamaşasında da görəcəydik. Mirzə Salman rolunda. Amma xəstəliyi macal vermədi. Xəstəxanaya düşmüşdü. Ona baş çəkməyə getmişdim, jurnalist kimi. Ayağım sayalı olmuşdu, ağrıları yavaş-yavaş səngiyirdi. Xeyli söhbət elədik. Olanlardan, keçənlərdən...Cəbiş müəllimdən, Hacı Qəmbərdən, teatrda oynadığı 260 rolundan...

Söhbətin arasında birdən qəhərləndi. İşdən-gücdən uzaqlaşmağı, xəstəliyə boyun əyməyi özünə sığışdıra bilmirdi.

"85 yaşım var. İndiyə kimi azar nədi bilməmişəm. Heç burnum da qanamayıb. Birdən-birə düşdüm, günah özümdədi. Bir ara ayaqlarım ağrıdı, biri dedi yeldi, biri dedi duzdu. Əhəmiyyət vermədim, fikirləşdim ki, keçib gedər. Axırda məni belə yaxaladı. Həkim deyir ki, ayaqlarına bərk soyuq olub. Həm də qışda qar yağanda sürüşüb yıxılmışdım. O vaxtdan bel sümüyümdə sınıq qalıb".

Ayrılanda ona tezliklə teatra, səhnəyə dönməyi arzuladım. Üzü işıqlandı...

Görüşümüzdən heç bir həftə keçməmişdi...qəzet üçün onun ölüm xəbərini yazmalı oldum...

1998 dekabr

Redaksiyadan: Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub.

O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdu. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.

Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

Milli.Az

Mənbə: news.milli.az