Cahangir Novruzov "Zəng"in çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib

Cahangir Novruzov "Zəng"in çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib

Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Sabah” Yaradıcılıq Birliyinin istehsalı olan ikihissəli, tammetrajlı "Zəng" bədii filminin çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib.

Open.az xəbər verir ki, ötən gün "Zəng" televiziya filminin Cahangir Novruzovla bağlı səhnələrinin çəkilişi üçün son hazırlıq işləri başa çatıb.

Sentyabrın 11-dən əsərin baş qəhrəmanı Ataxan obrazını ifa edən Cahangir Novruzovun iştirakı ilə olan səhnələrin çəkilişinə start verilib.

Cahangir Novruzovun Bakı səfəri ilə bağlı ilk fotosunu jurnalist Azər Qismət paylaşıb. Yeni obrazı üçün bığ saxlayan Cahangir Novruzovun fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, “Zəng” tammetrajlı bədii filminin ssenari müəllifi və quruluşçu rejissoru, tanınmış rejissor, "Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir.

Hüseynbala Mirələmov və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında çəlkilən filmin quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rəfael Əlizadə, bəstəkarı Firudin Allahverdidir.

Filmdə Xalq artistləri Afaq Bəşirqızı, Səidə Quliyeva, Məbud Məhərrəmov, əməkdar artist Qurban Məsimov, aktyorlar Ramin Şıxəliyev, Səbinə Məmmədova, Arif Kərimov və başqaları rol alıblar.

“Zəng” filminin prodüsseri xalq artisti Ramiz Həsənoğludur.

Filmin ilin sonundadək nümayişi nəzərdə tutulub.

ÜLVİYYƏ HƏSƏNQIZI

Mənbə: open.az