Azərbaycanın daha bir məşhur müğənnisi Nəsiminin qəzəlinə mahnı oxudu

Azərbaycanın daha bir məşhur müğənnisi Nəsiminin qəzəlinə mahnı oxudu

Azərbaycan səhnəsinin daha bir ulduzu Nəsimi yaradıcılığına müraciət edib. Səhnəmizin ən nazlı-qəmzəli xanımı hesab edilən Xumar Qədimova böyük azərbaycanlı mütəfəkkirin 650 illiyinə özünəməxsus tərzdə hazırlaşır. Müğənni İstiPress-in Şimal bürosuna açıqlamasında bu barədə bildirib. "İllərdir, uşaqlığımızdan bizi dəli edən qəzəllər ah... Onlara müraciət etməyə bilərdimmi?".

O, Nəsiminin məşhur "Neylərəm" qəzəlinə tam fərqli yanaşma ilə möhtəşəm bir kompozisiya hazırladığını deyib. Onun sözlərinə görə, çoxdandır bu barədə olan arzusunu Nəsimi ilində gerçəkləşdirib və "Nəsimi ili"nə öz orijinal töhfəsini verməyə çalışıb.

"Çox istəyirdim ki, tamaşaçılarıma bunu sürpriz edim. Dilbəra.... Çox böyük həvəslə bunu etdim. Gözəl və möhtəşəm bir əsər alınıb. Tamaşaçılarım mənim ifamda burada çox sürpriz anlar görüb eşidəcəklər".

Əməkdar artist illərdir beynində dolaşan bu məşhur qəzəli öz bəstəsilə ərsəyə gətirməyindən indi çox xoşbəxtdir: "Bir müddət idi ki, cəfasını çəkirdim. İndi zövqünü yaşayıram. Əziyyətini çəkirdim, can qoyurdum. İndi artıq hazır olmağının xoşbəxtliyini yaşayıram. Deyirəm ki, nə gözəl Xumar, sən bu işi başa çatdırdın".

Müğənni yaxın zamanlarda tamaşaçıları, onu sevənləri başqa yenilikləri ilə də sevindirəcəyini deyib. "Qoy tamaşaçılar gözləsinlər. Növbəti möhtəşəm bir sürprizlə qarşılarında olacağam".

Qeyd edək ki, Xumar Qədimova zaman-zaman klassiklərimiz - Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım, Rəsul Rza, Bəxtiyar Vahabzadə və digərlərinin əsərlərinə müraciət edib.

Mənbə: istipress.com