Azərbaycanda "Qız Qalası. Qadın olmaq" adlı müasir incəsənət festivalı keçiriləcək

Azərbaycanda "Qız Qalası. Qadın olmaq" adlı müasir incəsənət festivalı keçiriləcək

Sentyabrın 17-27-də Bakıda və regionlarda "Qız Qalası. Qadın olmaq" ("Maiden Tower. To Be a Woman") adlı müasir incəsənət festivalı təşkil ediləcək.

APA-nın məlumatına görə, Festival Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək.

Festivala həsr olunmuş mətbuat konfransında Festivalın təşəbbüskarı və kuratoru Əməkdar rəssam Sabina Şıxlinskaya bildirib ki, "Qız Qalası. Qadın olmaq"ın mövzusu Azərbaycanda qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir: "Festival Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir".

Onun sözlərinə görə, layihə proqramına müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, ictimai incəsənət, video art, poeziya gecəsi, tematik film nümayişləri, master-klasslar daxildir: "Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr və fikir mübadiləsi aparacaqlar. "Qız Qalası. Qadın olmaq” adlı Festivalın təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır. “Qız Qalası. Qadın Olmaq” beynəlxalq müasir incəsənət festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərdən başqa, Azərbaycanın sənət və mədəniyyət aləminin ən əsas institut və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında baş tutur".

O, bütün mədəni tədbirlər yerli əhali və xarici qonaqlar üçün açıq olacağını vurğulayıb.

Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin birinci müavini Denis Daniilidis isə bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyidir: "AXC o dövrdə həqiqətən bir sıra Avropa xalqlarından qabaq qadınlara azadlıq vermişdi. Bu həqiqətən təqdirəlayiq haldır".

O qeyd edib ki, Festivalın iştirakçıları Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi Avropa Birliyinə üzv ölkələrdir: "Eyni zamanda Gürcüstan, Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və İran, İsrail, Türkiyə, Argentina, Meksika, Braziliya, Kolumbiya kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlar da iştirak edirlər".

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Juan Rodrigo Labardini Flores qadınlar və kişilər arasındakı fərqliliyin hələ də qalmasına təəssüfləndiyini bildirib: "Bu məsələni həll etmək üçün biz bir sıra işlər görməliyik. Qadınlar haqqındakı stereotipləri aradan qaldırmaq lazımdır. Mən bu Festivalı Azərbaycanda qadın haqlarına verilmiş tövhə hesab edirəm".

Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Jankauskasın fikrincə Avropa Şurası və Avropa Birliyi insan haqlarını birləşdirən dəyərdir: "Bu təqdimat da bunun bir parçadır. İncəsənət bizi düşünməyə vadar edən dəyərdir. Bu Festival bizi qadın və qadın məsələsində birləşməyə vadar edir. Belə bir xatırlatmaya həmişə ehtiyac var. Düşünürəm ki, müasir cəmiyyət məhz bu aspektdə qurulmalıdır. Bu proqramı təqdim etməkdə bizə yardımçı olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra Avropa Ittifaqı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır.

Mənbə: apa.az