“Mədəniyyət naminə elm” layihəsi davam edir

“Mədəniyyət naminə elm” layihəsi davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin "Mədəniyyət naminə elm" layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Olaylar.az bildirir ki, bununla bağlı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində növbəti elmi seminar keçirildi. Kitabxananın təşkilati dəstəyi ilə baş tutmuş seminar "Məhv olan abidələr - unudulnmayan tarix" mövzusuna həsr olunub.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayevanın, Tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakultəsinin 4-cü kurs interyer dizayn ixtisasının tələbəsi Teyyub İsgəndərzadənin iştirakı ilə keçirilmiş tədbiri Mərkəzin elmi katibi Cavid Əliyev giriş sözü ilə açaraq seminarın əhəmiyyətindən, qarşıya qoyulan məqsədlərdən bəhs etdi.

Seminarda çıxış edən Mərkəzin əməkdaşları Hikmət Nəbili, Samirə Cəlilova "Mədəniyyətin qanuni aspektləri", Elnur Hacıbabayev "Lahıc misgərlik sənəti", Leyla Qlıcova "Müasir geyimlərdə milli üslubun təcəssümü" adlı məruzələrini təqdim ediblər.

Seminar daha sonra sual-cavab formatında davam olunub. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıblar.

Bağlanış nitqi ilə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ilk öncə kitabxana rəhbərliyi, seminar iştirakçıları və qonaqlara təşəkkürünü bildirdi. Diqqəti layihənin əhəmiyyətinə yönəldən direktor əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğuladı, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd etdi. Bildirdi ki, əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli sakinlərlə müvafiq iş aparsalar, ölkəmizdə abidələrin qorunmasına və onların təbliğinə gələcək nəsillərə dövlətin, eləcə də hər birimizin layiqli töhfəsi olar.

Mənbə: olaylar.az