"Qulluqçu obrazına kimi hansı obrazı ifa etmişəmsə, bütün ürəyimi qoymuşam" Səfurə İbrahimova İLK DƏFƏ DANIŞDI

Azərbaycanın sevilən aktrisası, uzun illərdir hər kəsdən uzaq gəzən, hətta özünə qapanaraq evinin qapısını belə heç kimin üzünə açmayan xalq artisti Səfurə İbrahimova bu gün kameralar qarşısına çıxıb.

News24.az-ın kamerasına tuş gələn Səfurə İbrahimova İctimai Televiziyanın yeni layihəsi olan "Ötən günlər" verilişinin ilk buraxılışının qonağı olub. S.İbrahimova verilişin çəkiliş meydançasında bunları deyib: "Qulluqçu obrazına kimi hansı obrazı ifa etmişəmsə, bütün ürəyimi qoymuşam. Hər bir roluma özünəməxsus və dərk edərək ifa etmişəm. İstənilən obrazı incələmişəm və sonra oynamışam. Ümumiyyətlə, hər bir sənət adamı səhnəyə və ifa etdiyi rola ürəyini qoymalıdır".

"Bizim Çəbiş müəllim" filmində də Namiqin anası obrazını ustalıqla canlandıran Səfurə İbrahimova, bu filmdəki meyxana janrından istifadə olunması məsələsinə neqativ fikirləri də dəyərləndirib: "Bu yaxınlarda filmdəki meyxana hissəsinin yığışdırılması təklifini eşitdim. Bu təklifi heç bəyənmədim. Buna nə ehtiyac var ki? Bu filmdəki səs mənim səsim deyil. Kimin səsindən istifadə olunduğunu bilmirəm".

Qeyd edək ki, "Ötən günlər" layihəsinin aparıcısı uzun illər Azərbaycan Dövlət Televiziyasının ekranından görməyə alışdığımız sevimli aparıcımız Nailə İslamzadədir. Layihənin rəhbəri tanınmış jurnalist Gülnarə Kərimovadır.

Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. Safurə İbrahimova Azərbaycan səhnəsində Kəmalə, İnci ("Toy" və "Xoşbəxtlər", Əsmər ("Alov"), Fernando ("Dəlilər"), Gülnar və Tamara ("Vaqif", Səməd Vurğun), Nazlı ("Ölülər"), Ofeliya ("Hamlet"), Hafizə ("Pəri cadu"), Karola ("Füsunkar qız", Mlkolaş Dyarfaş), Jasmen, Vəfa ("Knyaz" və "Xəyyam"), Daduno ("Darıxma, ana!"), Sona ("Xanuma", Avksenti Saqareli), Cen ("Mariya Tüdor"), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Saşa ("Canlı meyit"), Sevil ("Sevil"), Balaxanım ("Adamın adamı"), Mədinə, Tubu xanım ("Sevgililərin cəhənnəmdə vüsalı" və "Hökmdar və qızı", İlyas Əfəndiyev), Durdensiya ("Dişi canavar"), Zəhra bəyim ("Anamın kitabı"), Mələk ("Köhnə ev") rollarında daha çox sənət uğurları qazanıb.

Aktrisanın kino rolları arasında "Arşın mal alan" kinofilmində Telli obrazı yaddaşlara həkk olunub. Eyni zamanda Səfurə İbrahimova Həbibə ("Qatır Məmməd"), Sevil ("Sevil"), Gülpəri ("Dərviş Parisi dağıdır"), Mədinə ("Alma almaya bənzər") obrazları daha məşhurdur.

Onu da vurğulamaq yerinə düşər ki, SSRİ dövründə Novruz bayramı keçirilərkən, ilk bahar qızı məhz Səfurə İİbrahimova olub.

News24.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasiminin yoxlama məşqi olub

SONRAKI XƏBƏR

İqtidar-müxalifət masasında Mirşahinlə Sərdar Cəlaloğlu arasında mübahisə-VİDEO