Nazir: "Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni məkana köçürülməsi ilə bağlı müvafiq işlər görülür"

Nazir: "Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni məkana köçürülməsi ilə bağlı müvafiq işlər görülür"

"Hazırda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti ciddi nəzarət altındadır".

"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrı təmir olunur: "Bu teatrın harada fəaliyyət göstərməsindən asılı olmayaraq onun adında İrəvan sözünün olması İrəvan xanlığına aiddir. Bizim üçün narahatlıq doğuran məqamlardan biri də Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrıdır. Hazırda danışıqlar nəticəsində bu teatrın yeni məkana köçürülməsi ilə bağlı müvafiq işlər görülür. Bundan sonra isə Dərbənd Dövlət Azərbaycan Dram Teatrının təmiri ilə bağlı müvafiq işlər görülməlidir. Təbii ki, bu da bizim diqqətimizdədir".

Nazir bildirib ki, bu il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 100 illiyini qeyd edəcək: "Azərbaycan Dövlət Yuğ Teatrının da yubileyi gözlənilir və bununla da bağlı tədbirlər görüləcək. İnanıram ki, Azərbaycan Dövlət Yuğ Teatrının da aqibəti ağ günə çıxacaq və teatrın binası ilə bağlı məsələ tezliklə həllini tapacaq. Teatr bir canlı varlıq kimidir, onun da ağrıyan tərəfləri olur. Amma Azərbaycan teatrlarına baxanda bir möhkəm bədənli canlı görə bilərik".

Mənbə: report.az