“Rast” dünyası” təqdim olundu

“Rast” dünyası” təqdim olundu

Beynəlxalq Muğam Mərkəzində "Rast" dünyası" adlı konsert proqramı təqdim olunub. Musiqi gecəsi XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Olaylar.az bildirir ki, konsert proqramının aparıcısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə ənənəvi olaraq təşkil edilən musiqi bayramının əhəmiyyətindən söz açıb. Bildirib ki, hər bir insanın içində öz musiqisi var: "Bu musiqi fərqli olsa da, insanları birləşdirə bilir. Üzeyir festivalı da rəngarəng proqramı ilə məhz bu amala xidmət edir. Bugünkü konsert öz fərqliliyi ilə seçilir".

İlqar Fəhmi deyib ki, tədbirdə Azərbaycan musiqisini, muğamını çox sevən, onu təbliğ edən ud ifaçısı və müğənni Fəraməz Gərmrudinin "Rast": təsniflər və rənglər" kitabının təqdim olunur: "Rast" dünyası" adlı proqramın təqdimi bizə bədii təsir qüvvəsi etibarilə coşqunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradacaq. "Rast"ın dərin fəlsəfəsindən zövq almağa imkanı qazanacağıq".

Konsert boyunca çıxış edən Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Xalq artisti, tarzən Möhlət Müslümov "Rast": təsniflər və rənglər" kitabının əhəmiyyətini yüksək qiymətləndiriblər. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan nəşr milli musiqimizə töhfə kimi səciyyələndirilib.

Tədbirdə "Könül" ansamblının müşayiəti ilə tamaşaçılar xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun ifalarını dinləyiblər. Xanəndələrin hər birinin "Rast" muğamına özünəməxsus yanaşma nümayiş etdirməsi tamaşaçıların böyük alqışları ilə qarşılanıb.

Mənbə: olaylar.az