Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq?

Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq?

Aşuradan bir həftə ötsə də, xalqımızın bu dəyərinə uzanan əllər və dillər hələ də fəaliyyətdədirlər. Yenə kiminsə "uçurtduğu" ələm, kiminsə başının qanını tökməsi, yenə 14 əsr əvvəl baş verən hadisəyə və imam Hüseynə (ə)"kreativ" yanaşma ilə gündəmə gəlmək cəhdi...

Yəqin ki, qara pişik qarşısına çıxanda yolunu dəyişən, asqıraq sayına uyğun işlərini planlaşdıran, qapı kandarında əl tutmaqdan imtina edən, göydə pərvaz edən quşun zılının məhz onun üzərinə tuş gəlməsindən sevinən və bunu maddi rifahının müjdəsi kimi qiymətləndirənlərə hər birimiz rast gəlmişik. Yüksək intellekt, müasirlik, sərrast düşüncə göstəriciləridir hamısı? Ya nə isə başqa bir şeydir? Əksəriyyət deyəcək ki, cahillikdir, nadanlıqdır, savadsızlıqdır və s. Biz razı. Amma bir məsələyə diqqət yetirək. Bunu edənlərin hamısı bizimkilərdi, Azərbaycan vətəndaşları, həmvətənlərimiz. Neyləyək, bu nümunələri əsas götürüb yuxarıda qeyd edilən sifətləri bütün xalqa şamil edək? Əlbəttə ki, bunu heç kim qəbul etməz. Eyni ilə Məhərrəmlikdə ələm "uçuranlar", buna sidq ürəkdən inananlar, başını qılınclayanlar imam Hüseyn (ə) əzadarlarının ümumiləşdirilmiş sifəti deyil, onlar qaydalardan istisnadır.

Milli.Az islam.az-a istinadən bildirir ki, düşüncə etibarı ilə qara pişiyin bədbəxtlik gətirməsinə inananla ələmin "cuşa gəlib rəqs etməsinə" inanan arasında heç bir fərq yoxdur, hər ikisi cahildir. Odur ki, bir az köpünüzü yatırın. Sizin bunları ümumiləşdirərək bütün Əhli-beyt tərəfdarlarına nisbət vermək cəhdinizə elə qara pişikdən ürkənlər, o təfəkkürdə olanlar inanır. Ümumiləşdirmək yaxşı adət deyil. Bəzən üzdəniraqlar həmcinsi ilə evlənirsə, bunu əsas götürüb bütün xalqa bu donu biçmək olarmı?

Məsələyə bir başqa yöndən də nəzər salaq. Lakin əvvəlcədən qəti şəkildə deyək: baş yarıb, qan tökmək birmənalı şəkildə pis əməldir və əksər müsəlman alimləri bu fikirdədirlər. Allah da Quranda insana özünə xətər yetirməməsinə dair əmr verir. Amma... İldə bir dəfə dünyada çox məhdud sayda insan başını yarır, qan çıxarır. İldə bir dəfə. Amma bu bir dəfə kifayət edir ki, bir çoxları uzaqgedən "nəticələr" çıxarsınlar. Gəl ki, ilboyu dünyanın qoluzorbalıları Yəməndə, Fələstində, Suriyada, Əfqanıstanda, İraqda minlərlə günahsız insanı qanına qəltan edir. Ancaq ildə bir dəfə başını yaralayanların halına "yananlar", monitor, ekran qarşısında "bayılanlar" bu minlərlə ölüm müqabilində heç qımıldanmırlar da. İmam Hüseynin (ə) Aşura günü söylədiyi "dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun" ifadəsi necə də yerinə düşür!..

Və sonda. Yəqin çoxumuz fərqinə varmışıq: Məhərrəmliyə, əza məclislərinə dil uzadanların demək olar hamısı çox hikkəli, əsəbi, qeyzlidirlər. Bir qayda olaraq. Axı nə üçün bu qədər qəzəblidirlər? Yəqin ki, xalqın qəlbindən bu məhəbbəti, bu ehtiramı silməyə aciz olduqlarını anladıqlarına görə. Mütəmadi olaraq yeni bəhanə tapmağa çalışırlar, lakin onlar da effekt vermir. Son illərin trenddə olan "ittihamı" isə "nə üçün Qarabağ şəhidlərinə deyil, Kərbəla şəhidlərinə ağlayırsınız?" sualıdır. Əlbəttə, Qarabağ, hər qarış torpağımız bizim üçün müqəddəsdir. Bu torpaq uğrunda canlarını fəda edənlər də eyni ilə. Və kim sizə dedi ki, imam Hüseynə (ə) ağlayanlar Qarabağ şəhidlərinə ağlamırlar?.. Əksinə, bəlkə də onlara Aşura, aza məclisləri əhli qədər anlayıb ağlayan yoxdur! Yəqin ki, uzaq və yaxın keçmişimizdə bugünkü qədər olmasa da, Məhərrəmliyin əleyhdarları olub. O zaman da yəqin ki, daha Qarabağ şəhidlərini deyil, dövrdən asılı olaraq, məsələn, Çaldıran şəhidlərini, yaxud da Qaraqoyunlunun öldürülən əsgərlərini yad etmək təklifini irəli sürüblər. Çərxi-fələk fırlanıb, üyüdüb bu sərsəmləri də, ideyalarını da. İndi yeniləri peyda olub. Çərxi-fələk isə fırlanmaqdadır... Allah cəmi şəhidlərə rəhmət eləsin!

Milli.Az

Mənbə: news.milli.az