QAFQAZ QƏDİM DÖVRDƏ

Qafqazın şərqində Xəzər dənizi, qərbində Qara dəniz, cənubunda isə Çorox- Arpaçay-Araz çayları yerləşir. Qafqazın şimal sərhəddi Don çayı ilə Volqa (İdil) çayının bir-birinə ən çox yaxınlaşdıqları ərazi hesab olunur.

“Qafqaz” sözünü ilk dəfə qədim yunan yazıçısı Esxil (miladdan öncə 525-456-cı illər) özünün “Promotey” əsərində işlətmişdir. Bu söz bölgənin ən qədim əhalisi olan kas tayfalarının adı ilə bağlıdır. Qədim qaynaqlarda Kas (kassi, kaspi) tayfalarının miladdan öncə II minilliyin əvvəllərində Qafqazın cənub-şərqində və mərkəzində yaşadıqları qeyd olunur. Bunu Xəzər dənizinin antik dövrdə Kaspi adlandırılması və indiki Gürcüstan ərazisində yerləşən Kaspi adlı yaşayış məskəninin, Azərbaycanda Kasax (Qazax) olması bir daha təsdiq edir.

Miladdan öncə XIII yüzillikdə Qafqazda yaşayan ən qədim etnoslar kimi türk mənşəli Subar tayfa birliyinin adı çəkilir. Onların yayılma arealı Mesopotomiyadan Qafqaz sıra dağlarına qədər uzanırdı. Bu tayfalar Urartu dövlətinin təşəkkülündə də mühüm rol oynamışdılar. Bu birlik içərisində ən güclü tayfalar kaşklar, müşklər və tuballar idi. Fransız alimləri müşkləri xəzərlərin əcdadları hesab edirlər.

Müşk və kaşkların əsas rəqibləri Xett padşahlığı idi. Alimlər “kaşk” sözünü qədim türk dilləri ilə bağlayırlar. Hazırda Azərbaycan türklərinin subetnik qruplarından biri “kaşkay” adını daşıyır. Miladdan əvvəl 1165-ci ildə müşklərin şərq qolu Xett padşahlığının süqutundan sonra Fərat çayının yuxarı ətrafını tutaraq burada yaşayan xettləri özlərinə tabe etdilər. Bundan sonra 20 minlik müşk ordusu Dəclə çayını keçərək, Kadmux vilayətini də ələ keçirmişdilər. Onların Assuriyaya yürüşlərinin qarşısını Assur hökmdarı I Tiqlatpalasar çətinliklə ala bildi. Miladdan öncə VIII yüzilliyin 20-ci illərində Cənubi Qafqaz ərazisinə kimmerlərin və onların ardınca isə iskitlərin yürüşləri başladı. Miladdan əvvəl 676-cı ildə kimmerlərin köməyilə Urartu hökmdarı II Rusa Müşk dövlətinə son qoya bildi. Məğlub olmuş Müşk hökmdarı Midas özünü öldürdü.

Kimmerlərin və iskitlərin Qafqazda möhkəmlənmələri bölgə əhlisinin еtnik tərkibinin qədim türklərin хеyrinə dəyişməsinə ciddi təsir göstərdi. Cənubi Qafqaz ərazisində kimmerlərlə (qamərlər) bağlı çoxlu sayda yer adları (Kəmərli, Qəmərli, Qamaran, Qımırlı) qalmışdır.

Aşşur qaynaqları da işquz adlandırdıqları iskitlərin öz soydaşları olan türk mənşəli mannalılara və kutilərə yardıma gəldiklərini xüsusi qeyd edirlər. Miladdan əvvəl VII əsrdə yaranmış iskit çarlığı ərazisi indiki Azərbaycan Respublikası da daxil olmaqda Urmiyə gölünə qədər uzanırdı. Miladdan əvvəl VII yüzilliyin sonu - VI əsrin əvvəllərində İskit padşahlığı Midiya dövləti ilə rəqabətə davam gətirməyərək süquta uğradı. Mənbələr miladdan öncə VI əsrin ortaları ilə bağlı hadisələrdə adları çəkilən buntürkləri iskitlərin varisləri hesab edirlər. Gürcü mənbələrinin yazığına görə Əhəmənilər dövlətinin qurucusu Kirin dövründə iberlər ümumi düşmənə qarşı buntürklərlə birləşdilər. Daha sоnra türklərin çохu indiki Tiflis yaxınlığında sıldırım qayalıqda özlərinə məskən sеçdilər, оnu istеhkama çеvirərək, Sarkinе adlandırdılar.

Qafqazda məskunlaşmış kimmer-iskit-buntürk tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra isə Makedoniyalı İskəndərin sərkərdəsi Yazonun varisləri və iberlərə qarşı mübarizə aparmalı oldular. Mənbələrin yazdığına görə I-III əsrlərdə Qafqazın böyük hissəsinə türk mənşəli kəngərlər nəzarət edirdilər.

Qafqazda ağalıq uğrunda türklərlə Roma, Parfiya, daha sonra isə Sasanilər arasında uzunsürən müharibələr ərəblərin Qafqaza hücumlarına qədər davam etmişdir.

Kərəm Məmmədli

Teref.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ konqresmenləri Qarabağ səmasında - həmsədr ölkə nə demək istəyir?

SONRAKI XƏBƏR

17 nömrəli marşrut “Bakubus“ adına ləkədir – FAKT