XI Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb

Ötən gün Beynəlxalq Muğam Mərkəzində ölkəmiz də daxil olmaqla 9 ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçisinin iştirakı ilə 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Open.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşan tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək festivalla bağlı fikirlərini bölüşüb. Bildirib ki, artıq ənənə halını alan festival getdikcə öz əhatəsini genişləndirir. Burada hər bir ölkə öz vətəninin mədəniyyətini nümayiş etdirir. Festivalda iştirak edən ölkələr, həm də mədəniyyət körpüsü rolunu oynayır.

Qeyd edilib ki, bu festival Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar təşkil olunub.

“Muğamın əsasını qəzəllər, rübailər təşkil edir. Dövlət başçısı gənclərlə hər görüşündə onların elmli, bilikli olmaları ilə yanaşı, həm də vətənpərvər olmalarını xüsusi qeyd edir. Muğamın inkişafı, ona yeni həyatın verilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olub. Görülən işlərin nəticəsində muğamlarımız beynəlxalq arenada tanınıb. Festival da bu mədəniyyətin bir hissəsidir”, - deyə İ.Babayev söyləyib.

“Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə festivalın əhəmiyyəti haqqında danışıb.

Vurğulanıb ki, festivalın məqsədi muğam ənənələrini yaşatmaq, tarixi köklərə nüfuz etmək, şeiriyyəti, poeziyanı dərk etmək, milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünyaya çatdırmaqdır. Sonra “Araz “ ansamblının müşayiəti ilə festivalda iştirak edən uşaqlar çıxış ediblər.

Təşkilat Komitəsinin qərarı ilə bir nəfər Qran-Pri, digər üç nəfər isə nominasiya üzrə mükafatlandırılıb.

Qeyd edək ki, festivalın münsiflər heyətinin sədri Xalq artisti, professor, tarzən Ağasəlim Abdullayev olub.

Open.az

ƏVVƏLKİ XƏBƏR

Quş qripindən qorunmaq məqsədilə monitorinqlər keçirəcək

SONRAKI XƏBƏR

"Oyunçuları başa düşürəm, çox çətindi"