“Sənəti dərk edən Üzeyir Mehdizadəyə qulaq asmaz”

“Sənəti dərk edən Üzeyir Mehdizadəyə qulaq asmaz”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə siyasətçi zövqü, siyasət adamının sənətə baxışı, son gülər ən çox müzakirə edilən Real Partiyasının sədri İlqar Məmmədovun müğənni Üzeyir haqda tərifləri və s. mövzulardan danışdıq. ADP liderinin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, siyasətçi geyimi ilə, oxuduğu kitabla, dinlədiyi musiqi ilə həmişə nümunə olmalıdır. Siz hansı musiqi janrını daha çox sevirsiniz?

- Mən daha çox muğamata qulaq asıram. Estrada janrında isə Enrikeni (ispan ifaçısı) dinləyirəm. Azərbaycan musiqisində Flora Kərimova və Röyadan çox xoşum gəlir.

- Amma muğamatda bir ağlaşma var, deyirlər ki, rok dinləyən cəmiyyətlər daha aktiv olur...

- Muğamatda ağlaşma yox, qəm var. Mövlana Rumi “Məsnəvi”ni mey səsi ilə başlayır. Buradan bir fikrə gəlirik ki, fiziki ağrıdan gələn qəm var, mənəviyyatdan gələn qəm... Muğamda da ilahi qəm var. Onda Allaha həsrət, ona qovuşmaq kədəridir, yəni ağlaşma deyil, insanda mənəvi zənginlik yaradır. Muğam insanı ağlamağa çağırmır, Allaha yaxın getməyə dəvət edir. Ona görə ağlaşma deyil, mənəvi yüksəliş kimi qiymətləndirmək lazımdır. Mənə görə, ilahi qəmə mübtəla ola bilməyən şəxsdən insan olmaz. Muğam da Şərqin klassikasıdır, zənginliyinə görə klassik Avropa musiqisindən qat-qat effektlidir. Bu fikirlə qəti razılaşmıram ki, muğamat ağlaşmadır. Əslində toxunduğunuz dərin bir mövzudur, saatlarla danışmaq olar. Sadəcə, Azərbaycanda kultorologiya nəzəriyyəsi haqda tədqiqat aparılmır. Axı həyatda ölüm-itim, qocalma, xəstəlik, yoxsulluq var. Bu hadisələrin həqiqi təhlükə olmadığını dərk eləmək üçün bilməlisən ki, əsl insan mənəviyyatının itirilməsidir, torpağın itirilməsidir. Muğamda “Qarabağ şikəstəsi” də məhz mənəvi yaranı ifadə edir. Üstəlik, UNESKO tərəfindən qorunur. Mən muğamı mənəvi abidə hesab edirəm.

- Amma Röyanı da dinləyirsiniz...

- Röya, Flora xanım oxuyanda hissiyyata, muğam isə beyinə təsir edir. Yüksək intellekti olmayanın muğamata aidiyyəti yoxdur. Muğamat düşünməyə vadar edir. Elə ona görə mənəvi abidə hesab edirəm. Eyni zamanda, muğam tək bizdə deyil. Onun hind, fars formatları var, kifayət qədər dərin bir janrdır.

“İlqar Məmmədov türməyə düşməsəydi də heç nə edə bilməzdi”

- Amma rok musiqisinin ictimai aktivliyi artırması ilə bağlı fikirlərə münasibət bildirmədiniz. Siz bu arqumenti qəbul etmirsiniz?

- Rok meyxananın Qərb variantıdır. Bu musiqi ictimai-siyasi hadisələrin ruhuna uyğun olaraq çıxır. Məsələn, Amerika depressiv bir dövr yaşayıb, o zaman rok böhrana cavab kimi meydana çıxıb. Musiqi həqiqəti ifadə edən 7 sözdən biridir. Musiqini həndəsi formada da, pantomima ilə də ifadə edə bilərsiniz. Musiqidə isə notlarla ifadə edilir. Klassik musiqini hekayə kimi yazırlar. Adi adam bunu dərk edə bilmir. Hansısa simfoniyadan rəssam əsəri yarana bilər. Eləcə də muğamatın ifadəsini bir rəssam portretə çəkə bilər. Ümumiyyətlə, bu müzakirələr üçün elmi mühit yoxdur. Məsələn, xalça haqda heç nə deyilmir. Halbuki xalça xalqımızın estetik tərbiyəsi, keçdiyi yol haqda özündə məlumat saxlayır. Xalça özü də bir musiqidir. Məsələn, Qarabağ xalçası, Naxçıvan, Bakı, Quba xalçaları hərəsi bir mənadır. Təəssüf ki, bu gün belə intellektual söhbətlər getmir, gündəmdə olan mənasız məsələlərlə baş qatırlar.

- Sərdar bəy, sizcə yaxşı musiqi, pis musiqi olur?

- Pis və ya yaxşı musiqi olmur. Musiqidə insan kamilliyi məsələsi var. İndi məişət düşüncəsi hakim kəsilib. Elm adamı üçün yüksək səviyyəli musiqi var. Biz hansısa musiqi janrına pis deyə bilmərik. Amma meyxanadır, repdir... Bunlar küçə, məişət şüuruna ünvanlanmış musiqilərdir. Bayaq dediyim kimi, Mövlanada fəlsəfi şüura qalxmış mey qəmli-qəmli danışır. Mey qamışdan hazırlanır deyə səsində qamışdan qopmağın həsrətini çatdırır. Mövlana “Məsnəvi” ilə bunu insanlara çatdırır. Ona görə sənətə pinti yanaşmaq olmaz.

Bir nümunəni danışım: məşhur rəssam sərgi açır, bir nəfər gəlib əsərin qabağında saatlarla dayanıb baxır. Rəssam da elə bilir ki, onun əsərdən xoşu gəlib. Həmin şəxsdən soruşanda cavab verir ki, rəsmə baxıb iştaha gəldim, qayğanağa oxşayır. İndi kimsə Günəş doğanda elə bilir qayğanaqdır, kimsə günəşin qürub etmiş forması kimi baxır. Musiqiyə qiymətdə də fərq bundan ibarətdir.

- Sizcə siyasətçi, intellektli adam o tabloya baxanda Günəş yoxsa, qayğanaq görməlidir?

- Kultorologiya haqda çoxlu kitablar oxumuşam. Mən istənilən sənət əsərinə baxanda bilirəm ki, söhbət nədən gedir. Kultorologiyaya çox oxumamış siyasətçi bayağı baxa bilər. Məsələn, Lenin deyirdi ki, sənət xalq üçündür, sənətkarlar razılaşmırdılar. Onların fikrincə, sənət elə sənətkarlar üçündür. Sən sənət növlərini, texnikasını, kultrologiyasını bilmirsənsə, mənzərəyə qayğanaq kimi baxacaqsan. Bu günlərdə bir məqalə yazmışdım ki, paltarın rəngi insanı idarə edir. Ümumiyyətlə, dəb şüuraltı insanı idarə edir. Bunları bilmək lazımdır.

Hermeneftika elmini bilmirsənsə, sənətin arxasındakı bilikdən məlumatın olmayacaq. Heredot yazırdı ki, Homer kor olub, Troya müharibəsini görməyib, “İlliada” əsərində müharibəni yaza bilməzdi. Alimlər isə deyir ki, Homerin vaxtında dəhşətli zəlzələ olub, ayağının altı titrəyib, onu müharibə kimi təsvir edib. Məsələn, sürrealizmi uzun müddət qəbul etməyiblər. Onu başa düşməyin mürəkkəb texnikası var. İstənilən əsəri sürrealist edə bilərsiniz.

- Günəş və qayğanaq məsələsini ona görə soruşdum ki, intellektualların bayağı ifaçı saydığı Üzeyir Mehdizadəni REAL-ın sədri İlqar Məmmədov istedadlı musiqiçi adlandırıb...

- Elm sübut edib ki, kütlədə həqiqət olmur. 100 milyon adam ona qulaq asıbsa, kütlə şüuru səviyyəsindədir. Mən Enrikeyə qulaq asıram, amma onu muğamla bir yerə qoymaq olmaz. Çünki Enrike hissimə, muğam beynimə təsir edir. Dahilər insanlığın bir faizini təşkil edir. Yerdə qalan milyardların bəyəndiyi ilə dahilərin bəyəndiyi eyni deyil. Belə çıxır ki, dünyada olan 3-4 dahi adam axmaqdır. Bu, çox gülməli yanaşmadır.

Üzeyir kütlə, məişət şüuru üçün istiqamətlənmiş adamdır, heç bir görkəmli bəstəkar, dahi şəxs, sənəti dərk edən şəxs ona qulaq asmaz. Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəylini bir tərəziyə qoymaq olmaz.

- İlqar Məmmədov deyir ki, zövq fərqli ola bilər, amma Üzeyir istedadlıdır. Siz necə düşünürsünüz?

- İlqar Məmmədov istedad nəyə deyir? Yaxşı səsi var? Xoşa gələn səsi ola bilər. Kiminin Enrikdən, kiminin Merkuridən, kiminin Ceksondan xoşu gələ bilər. Mən zövqümə uyğunlaşdırıb deyə bilmərəm ki, filankəs bir nömrədir. Bəlkə İlqar Məmmədovun zövqünə uyğundur. Bu halda zövq müzakirə edilməz. Çünki zövq həqiqət deyil. İlqar Məmmədov deyirsə Üzeyir yaxşıdır, deməli, yaxşıdır. Mən ki demirəm, bu, onun zövqüdür. Axı Üzeyirin oxuduqlarında azadlıq, sosial yük bir yana qalsın, heç ülvi məhəbbət də yoxdur. Onun oxuduğu “O qız mənim olmalıdır, heç kəsə qismət olmasın”, “Onunla küsmüşəm, məni barışdırın”... Bu musiqilərdə nə məna var? Sadəcə, Üzeyirin də öz dinləyiciləri, belə desək, müştəriləri var.

- Yeri gəlmişkən, sosial şəbəkələrdə ironiya ilə yazırlar ki, biz ilqar Məmmədovu həbsdən çıxanda prosesləri idarə edəcək lider kimi gözləyirdik, o da gəlib müğənni Üzeyirdən danışır. Sizcə yanılıblar?

- Mən o vaxt dedim, incidilər. İlqar Məmmədov siyasətdə təzə adam deyil, Etibar Məmmədovun partiyasında olub, xaricilərlə əlaqəli işləyib, yəni bioqrafiyası, ağlı, şüuru bizə çoxdan məlumdur. Sadəcə, bir çox adam elə bilir ki, İlqar siyasətdə təzədir. O, həbsdən çıxıb heç nə edə bilməz, türməyə düşməsəydi də heç nə edə bilməzdi. Etibar Məmmədov İlqar Məmmədovdan güclü liderdir. İqtidarın əleyhinə ondan da kəskin danışanlar var. Nə olsun? Mahatma Qandi yumşaq danışırdı, ingilislər deyirdilər ki, əskiyə bükülmüş bu adam bizə nə edə bilər? Amma gəlib Hindistanı azad elədi. Bizdə elə bilirlər ki, Amerika dəstək verdisə, o adam gəlib nəsə edəcək. Axı Amerika niyə dəstək verməlidir? Bu fikir illər əvvəl İsa Qəmbər, Əli Kərimli haqda da formalaşmışdı...

Mənbə: www.regionxeberleri.com