Sumqayıtda I Mədəniyyət festivalı keçirilib

Sumqayıtda ilk dəfə olaraq I Mədəniyyət festivalı keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi və şəhərin 70 illik yubileyinə həsr edilmiş ilk mədəniyyət festivalında Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də iştirak ediblər.

Festivalda şəhər sakinlərinə və qonaqlara bölgələrdən olan kollektivlərin iştirakı ilə musiqi nümunələri, regionların folklor və mətbəx nümunələri təqdim olunub. Bununla yanaşı, mədəniyyət tədbirində tarixi eksponatlar, dekorativ tətbiqi sənət nümunələri də nümayiş olunub.

Festival çərçivəsində qədim misgərlik nümunələri də sərgilənib.

Bildirilib ki, belə festivalların keçirilməsi milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməklə yanaşı, regionların məxsus olduqları adət-ənənələrin təşviqi baxımından mühüm rol oynayır.

I Mədəniyyət Festivalında təqdim olunan mədəniyyət nümunələrinə Sumqayıt İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin digər strukturlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyəti tamaşa ediblər.

Tədbirdə Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri və xor kollektivi də konsert proqramı ilə çıxış edib.

Sonda Sumqayıtın 70 illik yubileyi ilə bağlı keçirilən "Sumqayıta həsr olunmuş ən yaxşı şeir” və "Sumqayıta həsr olunmuş ən yaxşı mahnı” müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da inflyasiya proqnozdan aşağı qalıb

SONRAKI XƏBƏR

Finlandiya Suriyadakı əməliyyatlara görə Türkiyəyə silah ixracatını dayandıracaq