“Nizami Gəncəvinin yeni qayıdışı. Dahi Azərbaycan şairinin “Xəmsə”sinin özbək dilində tam tərcüməsi” kitabı təqdim edilib

“Nizami Gəncəvinin yeni qayıdışı. Dahi Azərbaycan şairinin “Xəmsə”sinin özbək dilində tam tərcüməsi” kitabı təqdim edilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Ədəbiyyatın doğum günü haçandır? Mənə elə gəlir ki, ədəbiyyatın da, musiqinin də, rəngkarlığın da, heykəltəraşlığın da, bütün digər növlərinin doğum günü, ad günü həmin sənət sahəsində böyük əsərın yarandığı gündür. Həmin əsər nə vaxt yaranırsa, tarixdə yaşamaq haqqı qazanır. Bu gün Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatı üçün son dərəcə əlamətdar bir gündür. XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi böyük zəka sahibi idi, öz qələmi ilə böyük dünya yaradan bir insan sabah haqqında da proqnozlar vermək qabiliyyətinə malik idi. O, yaxşı bilirdi ki, yaratdığı əsərlər tarixləri adlayaraq zaman-zaman yaşayacaq. Aradan doqquz yüz ilə yaxın vaxt keçsə də, Nizami Gəncəvi qələmə aldığı şeirlərin hər sətrində və Azərbaycanın hər bucağında yaşayır. Həm də təkcə Azərbaycanda yox, dünyanın hər bucağında onu hörmət və ehtiramla xatırlayırlar. Bir zamanlar o, yalnız Azərbaycan türkcəsində, farsca, ərəbcə danışırdısa, bu gün dünyanın bir çox dillərində danışır. Onun “Xəmsə”sinin özbək dilində tam halda canlandırılması, həm özbək, həm Azərbaycan, həm də bütövlükdə nizamüşünslıqda müstəsna bir hadisədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov muzeydə keçirilən “Nizami Gəncəvinin yeni qayıdışı. Dahi Azərbaycan şairinin “Xəmsə”sinin özbək dilində tam tərcüməsi” kitabının təqdimat mərasimində söyləyib. O, hind şairi Ə.X.Dəhləvi ilə başlanılan nizamiçilik ənənəsi, həmin ənənənin Ə Cami, Ə.Nəvai və digər görkəmli şairlərlə davam etdirilməsindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Samir Abbasov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Babaxan Şərif, tarixçi-alim Şöhrət Barlaş Azərbaycan-özbək ədəbi əlaqələrindən, dahi şairin qəzəl, qəsidə və rübailərinin özbək dilinə tərcümə olunması ilə əlaqədar görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, Nizami Gəncəvinin özbək oxucularına tanıdılması üçün 2015-ci ildə “Xəmsə”yə daxil edilən bütün əsərlərin özbək dilinə tərcüməsi barədə Özbəkistanın Xalq şairi Camal Kamalla müqavilə imzalanıb. Bu ilin oktyabrında Nizami irsinin və yaradıcılığının zirvəsi olan “Xəmsə”nin tam halda özbək dilinə tərcüməsi başa çatır.

Tədbirdə türkoloq-alim, professor Tofiq Məlikli, filologiya elmləri doktoru Ramiz Əsgər Nizami irsinin təbliği, xüsusilə şairin “Divan”ının özbək dilinə tərcüməsi sahəsində görülən işlərdən danışıblar.

Mənbə: azertag.az