Sözü Qarabağ səngərlərindən eşidilən böyük şairimiz

Sözü Qarabağ səngərlərindən eşidilən böyük şairimiz

Üfüqə gedən ağ yol

Düzünü etiraf edim ki, görkəmli söz ustadı, xalq şairi Məmməd Arazın şeirlərini təzə başla bir daha oxuyandan, 50 illik yaradıcılıq əzabının bəhrəsi olan kitablarını bir daha vərəqləyəndən sonra nə yazacağımı, necə yazacağımı, hardan başlayıb, harda qurtaracağımı özüm üçün kəsdirə bilmirəm.

Sözün sehri, möcüzəsi, poeziyanın ecazkar qüdrəti məni elə ovsunlayıb ki, nə vaxtsa bu röyadan ayrılmağın qorxusundan dinib-danışmaq da istəmirəm. Bir də Məmməd Araz şeiri, Məmməd Araz poeziyası elə bir ümmandır ki, oraya baş vurmaq, bu sənət haqqında söz açmaq, çiynini bu ağır yükün altına vermək olduqca böyük məsuliyyət tələb edən bir işdir. Bu yerdə bir haşiyə çıxaraq deyim ki, mənim bu şair haqqında yazdıqlarım peşəkar tədqiqatçı-ədəbiyyatşünasın yox, sadəcə bir qələm adamının, Məmməd Araz poeziyasının çoxsaylı vurğunlarından olan sıravi bir oxucunun duyub-düşündükləridir. Və belə bir cəsarətdə bulunduğuma görə M. Araz yaradıcılığını yüksək ustalıqla, peşəkar ədəbi-bədii meyarlar və estetik ideallar baxımından tədqiq edən bütün insanlardan halallıq istəyirəm. Axı sözü yaşatmaq naminə min yol ölüb-dirilən, sözdən ötrü şam kimi gilə-gilə əriyən, sözü tanrı dərgahına qaldırıb urvatını saxlayan, heç vaxt özünə və sözünə xəyanət etməyən bir sənətkar haqqında ona layiq də söz deyəsən gərək!

Ha istəyirəm oturub bir şey fikirləşəm, ustadın:

Artır söz yığını, artır çayırtək,

Hamı deyən olub, yazan olubdur.

“İlhama sarılmaq” , qələm götürmək

Papiros çəkməkdən asan olubdur, - misraları qulaqlarımda əks-səda verir. Və mən indi bilirəm ki, dahi Füzuli ustadı Şeyx Nizamidən sonra “Leyli və Məcnun” mövzusunda poema yazmağın necə çətin və məsuliyyətli olduğunu etiraf etməkdə nə qədər haqlıymış! Yevgeni Boqatın belə bir fikri var, deyir ki, "Stendalın kitablarındakı yaxşı nə varsa, hamısı mükəmməl təhsil görmüş ağıldan yox, qəlbin əzabından gəlir”. Və mən belə düşünürəm ki, bu sözlər eyni dərəcədə M.Araza da aiddir. Çünki Məmməd Araz sözün əsl mənasında əzabkeş şair idi. Onun həssas qəlbi hansısa solğun bir yarpağın, hansısa yaralı bir ceyranın, yetim qalmış kimsəsiz bir uşağın, ümumilikdə bu xalqın, millətin, böyük mənada isə bu dünyanın özünün dərd-səriylə, əzablarıyla doludur. Şair 90-cı illərin əvvəllərində “xalq”, “milət”, “vətən”, “torpaq” deyə bar-bar bağıran yalançı millət qəhrəmanlarına, saxta vətən təəssübkeşlərinə ünvanlanan:

Baş əyir, and içir ana torpağa,

Aşınan, daşınan torpağı görmür.

And içir ulduzlu, aylı bayrağa –

Böyründə dilənən uşağı görmür, -

misralarında nə qədər haqlı və səmimidirsə,

 

Mənim də yaşım az deyil,

Bu dünyada nə görmədim!

Bir-birinə yamaq gördüm

Calaq qərinə görmədim.

Çiçəyindən alağı çox,

Kişisindən papağı çox,

Köpəyindən yalağı çox

Bu üzün olmaya dünya! - harayını qaldıranda da bir o qədər haqlıdır.Yeri gəlmişkən onu da deyək ki, dünyaya, bu dünyanın olmuş və olacaqlarına poetik-fəlsəfi baxış Məməd Araz poeziyasında öncül yerlərdən birini tutur.

 

Hələ bu dünyanın qeylü-qalı çox,

Bilməm zəhəri çox, bilməm balı çox.

Çox verdim özümə bu sualı, çox:

Ərzin andanından ağsaqqalı çox

Bəs niyə bu dünya düzəlmir, baba?-deyə şikayətlənən şair çox keçmədən öz poetk baxışlarında ciddi dəyişikliklər edir. ”İti bazarında atından baha olan”, gah “məkrli qadın”, gah “gülçöhrə qız” qiyafəsində görünən, ağlayanla ağlayıb gülənlə gülən, ”nadanların qumara qoyduğu” bu zavallı dünyadan umub-küsməyə dəyərmi?! Şair bu ritorik sula cavab olan “Mən belə dünyanın nəyindən küsüm?” şeirini belə tamamlayır:

 

Olsan öz haqqının köləsi belə,

Əri öz içində, öləzi belə.

Ondan inciyənin beləsi belə-

Mən belə dünyanın nəyindən küsüm?!

Görəsən oturub-durub hər çatışmaz işində dünyanı qınayan, heç nəyi “vecinə almayan” dünyadan yerli-yersiz umub-küsən “şikayət bülbülləri”nə bundan tutarlı cavab olarmı?! Məmməd Araz şeirə, poeziyaya, eləcə də xalqına, vətəninə xidmətdə olduqca gözütox, nəfsi təmiz və umacaqsız sənətkar idi. O, torpağa, millətə bircə misqallıq xeyir verməyib əvəzində bolluca nəf umanlardan, gördüyü sadə bir iş, adi bir vətəndaşlıq borcu üçün şöhrət, ad-san, mükafat gözləyənlərdən deyildi. Bu torpağın balaca bir daşı olmaqdan savayı umacağı olmayan Məmməd Arazın:

Çinsiz, rütbəsiz də batmayaq yasa,

Əsgər şərəfilə yaşayaq da bir.

Hamı döyüşlərdə general olsa,

Daha generallıq kimə gərəkdir, - deməsi hamının, istedad və qabiliyyəti çatdı-çatmadı liderliyə, birinci olmağa can atdığı indiki günlərimizlə necə də yaxından səsləşir! Gör nə boyda vətəndaşlıq qeyrətinin, necə təmənnasız ürəyin sahibi olasan, vətən yolunda qurban getməyi əvəzsiz övladlıq borcun sayasan ki, bu sətirləri yaza biləsən:

Qol verdin boynunu qucaqlamağa ,

Göyünə baxmağa göz verdin-bəsim.

Kürək söykəyənin ana torpağa

Haqqı yox,bir özgə təltif istəsin!

“Bu millətə nə verdik ki?!” şeirində Məmməd Araz düşüncə və xarakterimizdəki naqis bir cəhəti, ziddiyyətli məqamı belə açıqlayır:

Bu millətə nə verdik ki?

Halal tikə qənddi,-dedik.

Yoxsuluna dərdli dedik.

Kasıbına mərddi,-dedik-

Mərd kasıba qız vermədik.

Məmməd Araz adi bir insan kimi nə qədər sadə və təvazökar idisə, şair və sənətkar kimi də bir o qədər sadə və təvazökar idi. Başqa sözlə, Məmməd Araz şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edən sənətkarlardan idi. Onun həyatdakı dönməzliyi və məğrurluğu şeirlərinə də hopmuşdu.

Səhərlə göz açdım, axşamla batdım,

Şax durdum qəhrəman heykəli kimi.

Dünyaya gözləri yumulu baxdım

Dünyanı görmədim görməli kmi.

Mən alıb-satmadım sabahlarımı,

Nəyəmsə, sən məni onda da ara.

Gizlədib özündə günahlarımı

Göz yuman olmadım göz yumanlara.

Zaman-zaman rəsmi ideologiyaların göstərişinə qul olub tariximizi gah gur işıqlı, çil-çıraqlı, gah da zülmət kimi qapqaranlıq görənlərin əksinə olaraq M. Arazın dünənimizə öz fərdi baxışı var idi və o yalnız öz ürəyinin hökmünə qulaq asır, qəlbinin diktəsiylə yazıb-yaradırdı. Onun poetik ilhamı heç bir buyruğa sığışmırdı:

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm-

Nə qədər ki öz əlimdi yazanım.

“Düz sözdür dünyada hər şeydən baha”, - deyən M.Arazın söz aləmində yalana, saxta hay-küyə yer yox idi. O yalnız doğru və qeyrətli sözə yiyə dura bilərdi. Və onun şair qəlbinin qapıları yalnız və yalnız həqiqi sözə açıq idi.

Ötəri hay-küydən qulağım batar ,

Yalançı köçəri, yalan köçəri.

Açdım ürəyimi, açdım taybatay

Xoş gördük , doğru söz,

Buyur içəri.

Mərhum Xudu Məmmədova sağlığında həsr etdiyi “İlhamım” şeirindən nümunə gətirdiyim bu misralar da elə həmin ideala xidmət edir:

Bax donqar dəvənin səbət yükünə,

Bənzəyir içi boş şöhrət yükünə.

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

Bu barədə xatircəm ola bilərsiniz, böyük ustad! Sizin ömür karvanına yüklədiyiniz sözlərin hər biri bir qeyrət, ləyaqət timsalıdır. Əsl söz isə sərhədsizdir, heç bir qoruq-qaytaq tanımır. Elə ki ağzından çıxdı, bir də görəcəksən budu ey, sorağı uzaq-uzaq ellərdən, obalardan gəlir. Elin gözü tərəzidir, yaxşıyla pisi özü ayırd edib seçir. Bir də axı şeirə, sözə məhdudiyyət qoymaq istəyənlər baş tutmaz bir sövdaya düşdüklərini anlamırmı görən?! Şair M.Araz demişkən:

Əslində şairin vətəni dünya,

Əslində şairin söz məni dünya.

Əslində şairə sədd qoyan naşı

Çıxır bu dünyanın özünə qarşı.

Məmməd Araz torpağı bölünən, yurd- yuvası viran qalan, zaman-zaman sərvətlərini, eləcə də torpaqlarını yadlara güzəştə gedən bir millətin şairidir. Əgər əvvəllər onda bu acı həqiqətə bir öyrəncəlilik vardısa, sonradan o, bu yersiz bəxşişlərə, miskin “səxavətə” qarşı bir etiraz səsini ucaltdı. Vaxtilə:

Mən torpağı bölünməyə öyrəncəliyəm,

Heç qazanan görməmişəm bölənləri də!, - deyən şair bir gün qoynumuzda bəslədiyimiz əfi ilan özümüzü çalandan, namərd qonşularımiz bizə qarşı torpaq iddiası qaldırandan sonra belə bir qənaətə gəldi:

O qədər güzəştə getdim, axırda

Torpağım dartıldı ayağı altdan.

Yox! Daha torpaqsa yenmək vaxtıdı.

Qəzəbim, nifrətim bərk yapış atdan,

Bəxşişim, güzəştim daha düş atdan!

Və xalqımız öz müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinə qalxanda M.Arazın da sözü, döyüşkən poeziyası cəbhələrdə, müharibə səngərlərində oldu. ”Ayağa dur, Azərbaycan!” - harayını çəkə-çəkə, ”Bizi Vətən çağrır” deyə-deyə, ”Ana millət, ağlama” təsəllisini verə-verə.

M.Araz bir şeirində deyirdi :

Dərdə eləmə,desəm ki:

Yazı masam, ölürüm!

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm.

Yox belə deyil, böyük ustad! Siz yaza-yaza ölmədiniz, əksinə yaza-yaza yaşadınız. Və yazdıqlarınız cismani ömrünüzün yox, əbədi sənət və mənəvi ömrünüzün günləri, ayları, illəridir. Bir danılmaz həqiqət də var ki, sizin yaratdığınız poetik nümunələr ədəbiyyat və sənət xəzinəsinin ən dəyərli inciləri olmağa layiqdir. Vaxtilə dincliyinizi, gözünüzün nurunu, səhhət və sağlamlığınızı qoyduğunuz əsərlərin yaddaşlarda yaşamaq hüququ qazanıb. “Bu haqdı Məmməd Araz, haqqın var yaşamağa!”

Yaxşı yadımdadır, rəhmətlik Zibaxanım nənəm təzə sağılmış südü tərtəmiz ağappaq cunadan başqa bir qaba süzərdi - ta o vaxta qədər ki, cunanın üstündə heç bir çöküntü, xılt və s. qalmazdı. Mənə elə gəlir ki, Məmməd Arazın da şeirləri onun tərtəmiz könül süzgəcindən, təfəkkür cunasından dönə-dönə süzülmüş o bəmbəyaz südə bənzəyir. Onların içində lazımsız çöküntüyə, heç bir əlavə qarışığa rast gəlməzsən. Bax elə buna görə də Məmməd Arazın poeziyası bizim hamımız üçün bu qədər doğma, şirin və həzm ediləndir. O, büllur kimi saf bir ürəkdən süzülərək milyon-milyon qəlbə köçüb, yaşayıb, əbədiləşib. Onu yaşadan isə xalqın sevgisi, xalqın istəyidir. Bu yerdə nədənsə Məmməd Arazın 1968-ci ildə qələmə aldığı “Vəsiyyət” şeiri yadıma düşdü və qeydlərimi də elə həmin şeirin bu misraları ilə bitirmək istəyirəm:

Qara cilddə çap eyləyin kitabımı

Məndən sonra

Tünd qara.

Fəqət qoy soy-adımı

Süd rəngiylə həkk edim ora.

Daha nə deyim,

Qoy mən

Qara torpaq üstündə

Üfüqə doğru gedən

Ağ yola bənzəyim.

Mənbə: axar.az