“Mən Azərbaycandan ermənilərin hamısının getməsinə tərəfdar deyiləm...”

“Mən Azərbaycandan ermənilərin hamısının getməsinə tərəfdar deyiləm...”

15 oktyabr – Xudu Məmmədovun xatirə günüdür...

Bu gün – 15 oktyabr dünya şöhrətli dahi kristalloqraf alim Xudu Məmmədovun haqq dünyasına qovuşduğu gündür. Ziyalı adlanmağa layiq nadir simalardan olan Xudu müəllimin ürəyi 1988-ci ildə başlanmış ziddiyyətli proseslərə, xüsusən Qərbi Azərbaycan və Qarabağda daşnak ermənilərin haqsız iddialarına, onların törətdiyi vəhşiliklərə tab gətirmədi.

Moderator.az rəhmətlik alimin ayrılmaz dostu professor-cərrah Nurəddin Rzanın “Xudu açarı” kitabından bir ibrətamiz parçanı təqdim edir:

“...Ermənilərin qanlı fitnəsi nəticəsində bütün azərbaycanlılar öz daimi yurdlarından qovulmuşdular. Azərbaycandan da bu insafsız hərəkətə cavab olaraq köçürülmüş ermənilərin əksəriyyəti Ermənistana deyil, Moskvaya və Rusiyanın başqa şəhərlərinə köçməyə başlamışdı. Əsəbilik keçirirdik. Nə mənfur fitnə, nə də onun doğurduğu cavab xoşa gələn deyildi. Dünən oğlunu, atasını, anasını torpağa basdırmış Ermənistan azərbaycanlısının və ya Azərbaycan ermənisinin öz müqəddəslərini həmişəlik atıb təzə yurda köçməsi faciəsinə biganə baxmaq olardımı? Başqa dəhşətli, tükürpədici hadisələrə toxunmaq istəmirəm. Əsəbi halda Xuduya dedim: “Bütün azərbaycanlılar Ermənistandan qovuldu, ermənilər də sonuncu nəfərə kimi Azərbaycandan çıxıb getsəydilər, xalqın qulağı dincələrdi. Bu nədi, 1905-də bir dəhşətli qırğın, 1918-də daha bir dəhşətli qırğın...!”

Xudu acı bir təbəssümlə gözlənilməz cavab verdi: “Yox, Nurəddin, mən ermənilərin hamısının getməsinə tərəfdar deyiləm. Bir hissəsi qalmalıdır ki, bizi öz adımızla – “türk” çağırıb onu unutmağa qoymasınlar. Bu ölkədə bircə onlar bizim millətimizin adını düzgün bilirlər...”

Təqdim etdi: Sultan Laçın

Mənbə: moderator.az