Mən ikinci arvaddan olan uşağam, kimə nə dəxli var?-Fəlsəfə doktoru

Mən ikinci arvaddan olan uşağam, kimə nə dəxli var?-Fəlsəfə doktoru

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin (Əlihüseynli) "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" verilişində səsləndirdiyi fikirlər yenidən qalmaqala səbəb olub. Belə ki, fəlsəfə doktoru S.Tağıyev verilişdə "Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar" deməsi tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri fəlsəfə doktorunun bu sözlərini birmənalı qarşılamayıb və tənqid ediblər.
Bununla bağlı Sonxeber.az-a danışan Sabir Tağıyev cinsi ehtiyacını qarşılamadığı təqdirdə və imkan olan hallarda bir kişinin bir neçə qadın saxlaya bilməsini təsdiq edib. O, həmçinin açıqlamasında qadınların cinsi ehtiyacları səbəbindən əxlaqsız yola üz tutduqlarını da deyib:
"Bilirsiniz, xəbəriniz olsun ki, Qazaxıstanda Nazarbayev görüb ki, qazaxlar azlıq, ruslar daha çoxluq təşkil edir, dövlət səviyyəsində icazə verib ki, kişilər bir neçə qadın saxlaya bilər. Sizin namusunuz, vicdanınız, ləyaqətiniz götürürmü ki, azərbaycanlı qızı ərsizlik ucbatından binamus yola düşsün? Xəbəriniz varmı ki, azərbaycanlı qadınları necə iyrənc hərəkətlərdən çıxırlar? Nəyin nəticəsindədir bu? İstər- istəməz qadın kimi cinsi əlaqəyə girmək ehtiyacından irəli gəlir və bu ehtiyacı ödəmədiyindən öz varlığını qəpik- quruşa satırlar. İkinci dünya müharibəsindən sonra kişilərin əksəriyyəti rəhmətə getmişdi, qadınlar dul vəziyyətdə idi. Burda qəbahət bir şey yoxdur. Binamusluq olmaqdansa, çox kişilər ikinci arvadla ailə qurub yaşayırlar".
Alim verilişdə adı çəkilən Svetlana adlı qadının vəziyyətinə də münasibət bildirib:
"Bilirsiniz, Svetlana ilə Yusif Moskva mühitində 18 il mehriban ailə həyatı sürüblər, bir qızları var. Svetlana gəlib və məlum olub ki, Yusif evlənib. Əldən açılan güllə insanın balasına da dəyə bilər. Nə etmək olar? Yusif onsuz Svetlana arvadı ola -ola bu biri qadını alıb. Nə edək indi gülləliyəkmi? İkisini də alsın yaşasın da. İkisi ilə də dostluq, qarşılıqlı rəğbət əsasında münasibət qursun. Uşağın nə günahı var? Yaxşı olmazmı ki, burdakı ailə ilə ordakı alə ilə mehriban olsunlar, can deyib, can eşitsinlər?! Azmı olub Xoşqədəm xanımın verilişində elə hadisələr? Biri var idi, Rusiyada qalıb evlənmişdi və bir qızı var idi. Onun rus arvadı dalınca da gəlmişdi, özü də həmin adam polis mayoru idi. Həmin kişinin arvadı rus qadını da, oğlunu da xoş qarşıladı. Nə qəbahət var burda?
Sabir Tağıyev həmçinin qeyd edib ki, kişilərin evdən üz döndərməsində birinci olaraq qadın günahkardır:
"Mən ikinci arvaddan olan uşağam, kimə nə dəxli var? Bilirsiniz, meymun baxar güzgüyə, adın qoyar özgəyə. Hər kəs öz dünyagörüşün uyğun hərəkət edir. Mən indi 5 uşaq sahibiyəm və onlardan da 11 nəvəm var. İkinci arvaddan olmuşam, göydən yerə daş düşüb? Nə pisliyim var? Atamdan ayrılan qadın da yaşayır və anamla da münasibəti yaxşıdır. Kişini evdən qadın məcbur edə bilir ki, ikinci arvadla evlənsin. Bu günkü gündə mən ailə həyatı qurmuşam, özü də dünya dağıla, mən həyat yoldaşımın kəsilmiş dırnağını dünyaya dəyişmərəm. Ancaq mənimlə can deyib can eşidəndən sonra gözmün işığıdır, mən nə deyə bilərəm ona? Bilin ki, qadınlar kişiləri evdən didərgin salırsa, kişilər günahkar deyil. Mənim rəhmətlik atam deyirdi ki, ev dediyin arvaddır, kimin arvadı varsa, kolun dibi dediyin yer ona evdir. Kimin ki, arvadı arvad deyilsə, şah sarayı ona xarabaxana bir yerdir".

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az