Çox vaxt dietoloqlar kök olur, plastik cərrahlar isə meymuna oxşayır" - "Bu Şəhərdə"

"Bu günün “şabaşı” yığıldı. Ən azından “alqış şabaş"ını gördünüz. Düzdür, özümüz də, bu qədərini gözləmirdik, amma yenə də, hər şey əla keçdi. Sağ olsunlar, bu gün də bizi tək buraxmadılar”.

Bu sözləri "Bu şəhərdə" komandasının aktyorları News24.az-a açıqlamasında bildiriblər. Onlar canlandırdıqları bütün səhnəciklərin reallıqdan götürüldüyünü deyirlər: “Real həyatda çox olur ki, okulist zəif görür, “lor”lar pis eşidir, dietoloqlar kök, trixoloqlar keçəl ola bilir, plastik cərrahların çoxu isə özü meymuna oxşayır. Biz də səhnəciklərdə bu məqamları göstərmişik”.

Aktyorlar parodiya səhnələrinin də öz mesajı olduğunu bildiriblər: “Bu gün dünyasını dəyişmiş sənətkarımızın parodiyası da oldu. Bütün bunlarla biz öz mesajımızı çatdırdıq. Düzdür, səsləndirilən bir çox adları zaldakı gənclər tanımırdı. Amma konsertdən sonra internetdə araşdırıb məlumat alacaqlar. Yəni biz həm də marifləndiririk. Bu gün Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Rəşad İlyasov, Hacı Nuran, Allahverdi Yolçuyev ordaydı. Ən sadiq və sevimli tamaşaçılarımız sırasında dünyasını dəyişmiş Rüfət Mehdiyev, Aygün Kazımova, Gülyaz Gülyanaq Məmmədovalar, Rüfət Axundov, Mətanət İsgəndərli, Nazənin, Rəşad İlyasov yer alıb”.

Əməkdar artistlər bəzi səhnəciklərin ənənəyə çevrildiyini qeyd ediblər: “Toy səhnəsi ənənəvi olaraq oldu. Burda real toylarımızda baş verən nə varsa, hər şeyi görə bilərsiniz”.

Söhbət əsnasında “Deyirlər, heç bir toya getmirsiz?” sualını da cavabladılar: “Toya gedirik, amma qonaq kimi. Yəni ki, heç bir məclisdə aparıcı-aktyor kimi iştirak eləmirik. Amma gedənlərə də pis baxmırıq. Toylarda baş verən hadisələr, çatışmazlıqlar bizim səhnəciklərimizdə əks olunur. Nə qədər ki, səhnədə danışdığımız problemlər, çaxnaşmalar, çəkişmələr həyatımızdan çıxmayıb, o vaxta qədər də biz onları tamaşaçılarımıza gülüş vasitəsilə təqdim edəcəyik. Tamaşaçıların tələbatını nəzərə alırıq. Bunlar, bir çox qaynanaların, gəlinlərin sevdiyi mövzulardır. Bizim gəlin-qaynana səhnəciklərimizdə müəyyən yerlərdə qaynanalar gülür, müəyyən məqamlarda da gəlinlərimiz məmnun qalır. Demirik ki, onlar düşməndirlər, amma müəyyən reallıq var. Evdə gizli müharibə gedir. Ona görə də, düşünürük ki, gəlin və qaynana mövzusu hər zaman aktual olacaq".
"Bu şəhərdə" komandası yeni ərsəyə gətirdiyi "Şabaş" filmindən də danışıb: "”Qala” sözündən xoşumuz gəlməsə də, qalamız olacaq. Bilmirəm, qırmızı xalı olacaq, ya yox, amma nəsə olacaq. “Kanepe, isveç masası, enerji içkiləri” olmayacaq. 10 ildən sonra ailəvi film çəkdik, onu da izləyicilərimizə təqdim edəcəyik".

Gələn ay isə “Bu şəhərdə”nin sakinlərini səfərlər gözləyir: “Dekabrın 17-si və 18-də isə xaricdə yaşayan soydaşlarımızın istəyi ilə Ukraynada, Xarkov şəhərində olacağıq, dekabrın 21-də isə Yekaterinburqda çıxışımız gözlənilir”.

Aktyorlar zarafatlarından da qalmadılar: “Yerli məşhurlarla 20 illiyimizi qətiyyən qeyd etməyəcəyik. Qəpiyi, qəpiyin üstünə qoyub adımıza layiq yubiley keçirəcəyik..”

Sevda Bayramova
VİDEO: Fərid Şabanov
 

 

News24.az

ƏVVƏLKİ XƏBƏR

İlon Mask Marsda koloniya yaratmaq üçün nə lazım olduğunu açıqlayıb

SONRAKI XƏBƏR

Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var