Mədəniyyətin səyyar təlim brigadaları Sabirabadda

Mədəniyyətin səyyar təlim brigadaları Sabirabadda

Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu məqsədlə yeni tədris modulları əsasında təlimlər təşkil edir.

Olaylar.az bildirir ki, təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədi ilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qənaətinə gəlmişdir.

Növbəti təlim 14 noyabr 2019-ci il tarixində Sabirabad şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək. Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov, İdarəyə tabe olan Sabirabad, Şirvan, Saatlı, Hacıqabul rayon Mədəniyyət Mərkəzlərinin direktorları çıxış edərək, regionun mədəniyyət sahəsində gördüyu işlərdən və gələcək planlardan danışıblar.

Səyyar briqadasının üzvləri, Elnur Hacıbabayev "Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları", Elnarə Hacıyeva "Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər", Aygün Hüseynova "Mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti", Nadir Məmmədov "Klub işinin təşkili", Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov "Mədəniyyət evlərinin müasir fəaliyyət növləri", H.Abbasov adına Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşov "Mədəniyyət evlərinin müasir fəaliyyət növləri" mövzularda təlimlər təqdim ediblər.

Çıxış edənlər Mədəniyyət evlərində dərnəklərin yeni tədris modullar əsasında keçirilməsindən, ödənişli xidmətlərdən, marketing və menecmentdən bəhs ediblər.

Daha sonra fikir mübadiləsi səpgidə davam edən təlimdə dinləyicilər mədəniyyət müəssisələrin fəaliyyətinin müasir şəkildə təşkil olunmasının vacibliyi haqqında öz mülahizələri ilə bölüşmüşlər.

Mənbə: olaylar.az