Samir Mirzəyevin yeni kitabı

Samir Mirzəyevin yeni kitabı

Samir Mirzəyevin “Azərbaycan Musiqisi Kontekstində Müasir Fortepiano Simvolları” kitabı

Deyilənlərə görə bir dilin nə qədər “mədəni dil” sayılıb-sayılmaması o dildə yazılmış elmi mətnlərin, o cümlədən hər hansı bir peşəylə bağlı dərs vəsaitlərinin sayı və ən mühümü – onların keyfiyyəti ilə ölçülür

Bu baxımdan pianoçu Samir Mirzəyevin bir neçə ay əvvəl çap olunmuş “Azərbaycan Musiqisi Kontekstində Müasir Fortepiano Simvolları” adlı kitabını dilimizə töhfə kimi hesab etmək olar.

Bakı Musiqi Akademiyasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Mirzəyev artıq iyirmi ilə yaxındır ki, Antalya Dövlət Konservatoriyasında dərs deyir, eyni zamanda həm pianoçu, həm də müsabiqələrin jürisi kimi beynəlxalq musiqi həyatında aktiv iştirak edir.

cof

Bakı Musiqi Akademiyasının elmi şurası tərəfindən dərs vəsaiti kimi tövsiyə olunan bu kitabın ən böyük məziyyətlərindən biri oxucuya çox böyük intellektual informasiya təqdim etməsindədir.

Müəllifin Azərbaycan musiqisi kontekstində müasir fortepiano notasiya simvolları mövzusuna necə dərin və hərtərəfli yanaşmasını təsəvvür etməyimiz üçün, kitabın ibtidai icma dövrü insanlarının mağara rəsmlərindən bəhs etməsi ilə başlamasını misal misal çəkə bilərik.

S.Mirzəyev ən qədim simvollardan, piktoqrafiya və ideoqrafiya kimi yazı sistemlərindən, müxtəlif əlifbaların təşəkkülündən söhbət açır, oxucunu bir növ sivilizasiya tarixinə səyahətə çıxarır. Biz qədim insanların yazını necə inkişaf etdirməsi, əl-kimya ilə məşğul olanların simvollardan necə istifadə etməsi ilə tanış olur, bəşəriyyətin gəldiyi yolla bağlı biliklərimizi genişləndiririk.

TOEFL, İELTS kimi beynəlxalq dil imtahanlarını verənlər bilir, o imtahanlara hazırlaşmaq üçün tərtib edilən kitablarda tələbənin ümumi dünyagörüşünü genişləndirən çoxlu sayda məqalələr olur. Yəni ingilis dilini öyrənə-öyrənə Sakit Okeandakı nadir canlılarla, Orta Əsrlər tarixindəki ibrətamiz əhvalatlarla, müxtəlif dövrlərin filosoflarının fikirlərilə, müasir texnologiyanın cəmiyyətdə rolu və ağla gələr-gəlməz hər cür maraqlı informasiyalarla tanış oluruq. Düşünürəm ki, imtahan materiallarını hazırlayanlar bunu boşuna eləmir, müxtəlif ölkələrdə, cəmiyyətlərdə yaşayan, ingilis dilini öyrənərək dünyaya açılmağı planlayan gəncləri həm də intellektual baxımdan hazırlayırlar.

Samir Mirzəyevin kitabındakı tarix, simvolika, incəsənətin digər sahələri və s. Ilə bağlı informasiyaları da mən bu prinsiplə izah edərdim. Güman ki, müəllif bu kitabı oxuyan, müasir fortepiano simvolikasına öyrənən gənclərin həm də intellektual bazasını genişləndirməyi qarşısına məqsəd qoyur.

Bu baxımdan XX əsr nəzəriyyəçilərinin musiqi hermenevtikası ilə bağlı görüşləri, həmçinin fortepiano notasiya simvollarının xüsusilə çoxaldığı XX əsr musiqisinin özü barədə mövzunun icazə verdiyi qədəri ilə məlumat verilməsini xüsusilə qeyd etməyə dəyər. Bundan başqa Azərbaycandakı müasir musiqi ifaçıları və bəstəkarları barədə məlumat da kitabı bir başqa mənada bitkin və əhatəli göstərir.

Kitabın daha yaxşı ola biləcəyi arzulanan tərəfi varsa, yəqin ki, o da kitabdakı illüstrasiyaların az bir qisminin qrafik keyfiyyətinin aşağı olmasıdır. Onların bəzilərində prinsip etibarı ilə nə mənaya gəlmələri aydın olsa da, bir neçəsini ümumiyyətlə başa düşmək üçün oxucu bir az çətinliyə düşə bilər. Amma bu o qədər xırda qüsurdur ki, kitabın bütövlükdə məziyyətinə demək olar ki, xələl gətirmir və gələcəkdə ola biləcək nəşrlərdə asanlıqla aradan qaldırıla bilər.

Ölkə musiqi sənətinə belə bir qiymətli kitab qazandırdığına görə Samir Mirzəyev çox böyük təşəkkürə layiqdir.

Mənbə: azlogos.eu