“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək

“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək

25-28 noyabr tarixlərində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar həyata keçiriləcək.

Olaylar.az bildirir ki, layihənin həyata keçirildiyi və bilavasitə əlaqələndirildiyi yer - Azərbaycan Milli İncəsənət Muzeyidir.

İdeya muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübə və praktikasının öyrənilməsi zamanı ərsəyə gəlmişdir. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT tövsiyələrindən irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət və turizm məkanının yaradılması sahəsində MDB iştirakçı ölkələri ilə fəal əməkdaşlıq platforması yaradır.

Beynəlxalq qlobal turizm şəbəkəsinin vacib üzvü kimi müasir muzey sağlamlıq imkanları məhdud şəxslərin ehtiyac və təlabatlarını qarşılamaq və onlara uyğun olmaq öhdəliyi daşıyır. Sağlamlıq imkanları məhdud şəxslərin hər bir kateqoriyası və qrupunun xüsusiyyətlərini nəzərə alaraq, muzey xüsusi ekspozisiyalar, informasiya proqramları, audio bələdçilik, portallar yaradır, ekskursiya bələdçiləri və muzey personalına muzeyin ən həssas ziyarətçi qrupları ilə keyfiyyətli işin əsaslarını öyrədir.

Əlçatan turizmə olan tələbat bütün dünyada sürətlə artır və bu tələbat MDB ölkələrində də artmağa başlayıb. Bu sahənin modernizasiyası sağlamlıq imkanları məhdud şəxslərə yönəlmiş "sərhədsiz turizm"in turizm və iqtisadiyyatın xüsusi, dinamik artan sahəsi kimi inkişaf etdirilməsinə imkan verəcək. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, hal hazırda dünyada 37 milyon göz əlilliyi və 125 milyon son dərəcə pis görmə qabiliyyəti olan insanın olmasına baxmayaraq, məhz bu qrupdan olan sağlamlıq imkanları məhdud şəxslər ümumiyyətlə mədəni istirahət seqmentində və xüsusilə də muzey məkanında ən həssas qrup hesab edilir. Yuxarıda göstərilmiş faktları nəzərə alaraq, göz əlilliyi və digər sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan olan muzey / incəsənətin yaradılması məqsədilə pilot layihənin işlənib hazırlanması və həyata keçirilməsinə zərurət yaranır.

4 günlük "Sərhədsiz incəsənət" beynəlxalq seminarı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək kompleks tədbirlərdən birincisidir.

Gözlənilən seminar çərçivəsində MDB ölkələrinin aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu praktikası nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, sağlamlıq imkanları məhdud olan şəxslərin sosiallaşması və əmək məşğulluğu məsələləri də nəzərdən keçiriləcək. Seminar çərçivəsində ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin işlərinin sərgiləri də təşkil ediləcək. MDB ölkələrinin aparıcı muzeyləri, QHT və xeyriyyə fondları, əlil icmalarının nümayəndələri, ali təhsil müəssisələrinin və özəl sektorunun nümayəndələri də seminarda iştirak edəcəklər.

Mənbə: olaylar.az