Kino Evində ”Sonuncu pərdə” filminin nümayişi olacaq

Kino Evində ”Sonuncu pərdə” filminin nümayişi olacaq

Dekabrln 13-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində ”Sonuncu pərdə” filminin nümayişi olacaq.

Open.az xəbər verir ki, film rejissor Emil Quliyev tərəfindən lentə alınıb.

Emil Quliyev Rusiya Federasiyası DİN-in Moskva Universitetinin hüquq fakültəsində təhsil alıb, polis kapitanıdır. 2011-ci ildən özünü kino sahəsində sınamağa başlayan E.Quliyev bir çox filmlər ərsəyə gətirib. 50-yə yaxın qısametrajlı, üç tammetrajlı film çəkib.

Qeyd edək ki, “Sonuncu pərdə” filmindən əvvəl rejissor “Pərdə”(2016), “İkinci pərdə”(2017) filmlərini də çəkib. Üçüncü trilogiya olan “Sonuncu pərdə”nin digər filmlərdən olan fərqini rejissor belə izah edib: “Bu filmi özüm üçün film müstəvisinə qaldırdım. Bundan əvvəlki iki filmim barədə bunu deyə bilmirdim, hesab eləyirdim ki, onları film adlandırmağa mənəvi hüququm yoxdu. Onların birinin ayağı qırıqdı, birinin əli. Yəni natamamdı. “Sonuncu pərdə”də də natamamlıq, min dənə səhv var, amma digərləri ilə müqayisədə bu, ən azından, filmdi. Mən artıq harda səhvlər olduğunu bilirəm”.

E.Quliyev onu da bildirir ki, filmin mövzusu real həyatdan götürülüb, yəni, film real həyatda baş verən hadisələr üzərində qurulub: “Ayrı-ayrı insanlarla görüşdük, hər ailədən bir şey götürdük. Konkret insanlar olmasaydı, onların prototipini yarada bilməzdim. Mən aktyoru o insanlarla görüşdürürdüm, deyirdim ki, bax, sən bu olacaqsan…Aktyorlar konkret o insanlarla görüşürdü, xarakterlərinə bələd olurdular”. Bir sözlə, həyatda gördüyümüz hər hansı bir hadisəyə, bəlkə də hadisələrə filmdə rast gəlmək mümkün olacaq.

Yeri gəlmişkən, ekran əsərinin çəkilişləri Bakının Sabunçu qəsəbəsində baş tutub.

Filmin ssenari müəllifi və rejissoru Emil Quliyev, operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.
Filmdə iştirak edirlər: Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və b.

Xatırladaq ki, “Sonuncu pərdə” filmi 13 dekabr (saat 19.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.

Ülviyyə Həsənqızı

Mənbə: open.az