Ofelya Babayeva: “Şagird dərsi auditoriyada öyrənməlidir, kurslarda yox...”

Ofelya Babayeva: “Şagird dərsi auditoriyada öyrənməlidir, kurslarda yox...”

- Filoloq, şair, müəlliməsiniz. Özünüzü daha çox bunlardan hansı kimi görürsünüz ?

-Mən özümü həm filoloq, həm şair, həm də müəllimə kimi görürəm. Çünki mən ixtisasca filoloqam. O zamanlar Azərbaycan Dövlət Universiteti, indiki adı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Öz peşəmlə qürur duyuram. Düşünürəm ki, öhdəmə düşən vəzifənin - dilimizi və ədəbiyyatımızı şagirdlərə tədris edib sevdirmək missiyasının öhdəsindən layiqincə gəlmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən özümü şair kimi də yetəri qədər tanınmış sima sayıram. Çünki əvvəla mən Sumqayıtın ilk qadın şairiyəm. Ancaq mənim uzun illərdir - 45 ildir çalışdığım müəllimlik sənəti mənə çox doğmadır.

- Uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri işləmisiniz. Həmin çağlardan maraqlı hansı xatirələri xatırlayırsınız?

-Mən orta təhsilimi Sumqayıtda - 13 nömrəli məktəbdə almışam. 1971-ci ildə Universiteti bitirdikdən sonra öz doğma məktəbimə müəllim kimi qayıtdım. Və təhsil sahəsində öz ideyalarımı gerçəkləşdirə bildim. Sonralar 6, 16, 11 nömrəli məktəblərdə direktor oldum, uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışdım. Həmin çağlarda mənim üzərimə təhsildə böyük dəyişikliklər etmək missiyası düşdü. Belə ki, ideyalarımı həyata keçirmək üçün sanki mənə bir meydan verilmişdi. Sumqayıtda bildiyiniz kimi, hələ Sovetlər dönəmindən məktəblərin hamısı nömrəli idi. Düzdür, onlardan bir qismi bu gün də sadəcə nömrəli məktəblərdir. Mənim diləyim budur ki, şəhərimizdəki məktəblərin böyük bir qismi böyük ictimai xadimlərimizin, Milli Qəhrəmanlarımızın, şair və yazıçılarımızın, alimlərimizin adını daşısın. 1991-ci ildən sonra şəhərimzdə bir sıra məktəblərə dəyərli şəxslərimizin adı verilməyə başladı. Bunların bir çoxu birbaşa olaraq mənim təşəbbüsüm ilə həyata keçirilirdi. Daha sonra bunu qeyd edə bilərəm ki, bir vaxtlar şəhərimizdəki məktəblərin demək olar ki, tən yarısı 8 illik məktəblər idi. Mən Təhsil Şöbəsinin müdiri təyin edildikdən sonra həmin məktəblərin orta məktəbə çevrilməsinə çalışdım və buna da nail oldum. Şəhərimizdə lisey və gimnaziyaların açılmasını zəruri sayırdım. Çünki şəhər gənclərinin daha da savadlanması üçün həmin tipli məktəblərə mütləq ehtiyac var idi. Yenə deyirəm, Təhsil Şöbəsinin müdiri çalışdığım dönəmlərdə bu yöndə əməli fəaliyyət göstərdik və istəyimizə çatdıq. Həmin dövrlərdə şəhərimizin təhsili durmadan irəliləyirdi. 1990-cı illərin başlarında ölkəmizdə baş verən siyasi çaxnaşma bütün sahələr kimi təhsilimizə də siraət etmişdi. 1990-cı ilin mart ayında Respublika Fənn Olimpiadasını paytaxt Bakıda keçirmək mümkün olmadığına görə biz həmin tədbiri Sumqayıt şəhərinə saldıq. Və o vaxt təhsildə göstərdiyim işlərimə görə mən Parlamentin fəxri fərmanı ilə təltif olundum.

- Ümumiyyətlə, o dönəmlə indiki dönəm Sumqayıt təhsilinin arasında hansı fərqlər var?

- Bu iki dönəmi müqayisə etdikdə fərqlərin heç də böyük olmadığını görərik. Fikrimcə, fərqlər böyük ölçüdə texniki təchizatla bağlıdır. Bu gün bizim şagirdlərimiz intellekt və savadlarını artırmaq üçün internetdən və digər texniki vasitələrdən bol-bol istifadə edirlər. Bu da onların təhsillərinə, savadlarına müsbət mənada böyük təsir göstərir.

- Uzun illər 11 nömrəli məktəbin direktoru olmusunuz. Siz həmin vəzifədən getdikdən sonra təhsil ocağında hansı dəyişikliklər olub? Ümumiyyətlə həmin məktəbin uğurlarını izləyirsinizmi?

- 1958-ci ildən fəaliyyət göstərən həmin məktəbdə Azərbaycan bölməsi yox idi. Təhsil ocağı bütünlüklə rusdilli idi. Bu səbəbdən bir qisim vətəndaşlarımız balalarını həmin məktəbə yazdırmaqdan imtina edirdilər. Mən Təhsil Şöbəsinə rəhbər təyin olunandan sonra həmin məktəbdə Azərbaycan bölməsinin açılmasına nail oldum. Bu gün həmin məktəb nəinki şəhərimizdə, hətta Respublikada özündən müsbət mənada söz etdirən, uğurlarına görə fərqlənən təhsil ocağıdır. Adıçəkilən məktəb prezidentimizin dörd il bundan öncə verdiyi sərəncamla tamamilə yenidən quruldu, təmir edildi. Və mən yenilənmiş doğma məktəbimizi yeni direktora təhvil verərək oradan ayrıldım. Mən hər zaman həmin məktəbə doğma yanaşıram, onun qazandığı uğurlara ürəkdən sevinirəm. Ümumiyyətlə, mən bu gün şəhərimizdə fəaliyyət göstərən bütün məktəbləri mətbuatdan izləyirəm, onların təhsil sahəsində qazandıqları uğurlara hədsiz sevinirəm. Onu deyə bilərəm ki, bu gün Sumqayıtın təhsili əmin əllərdədir.

- Bugünkü təhsil sistemi və səviyəsindən razısınızmı ?

- Əlbəttə, Təhsil Nazirliyi təhsilimizin irəliləməsi üçün önəmli işlər görür, ancaq bu gün dünya təhsili ilə Azərbaycan təhsilini müqayisə etsək, çatışmazlıqların və müsbət cəhətlərin olduğunu görə bilərik. Mən sizə bir örnək çəkim. Estoniyanın bu gün toplam 1 milyon 300 min əhalisi var, lakin buna baxmayaraq o, dünya təhsil sistemində üçüncü yerdədir. Təbii ki, bu ağlasığmaz uğurdur. Mən həmin ölkənin paytaxtı Tallində dörd il bundan öncə olmuşdum və hesab edirəm ki, eston təhsil sistemindən bizim öyrənəcəyimiz çox cəhətlər var.

- Maraqlıdır kurikulium və ya ənənəvi təhsil sistemini dəstəkləyirsiniz? Ümumiyyətlə, kurikulium sisteminə münasibətiniz necədir?

- Deyə bilərik ki, kurikulium şagirdlərin idraki fəaliyyətinin gücləndirilməsinə yönəldilmiş bir təhsil sistemi, təhsil formatıdır. Ancaq ənənəvi təhsil sistemini də heç bir durumda unutmaq və ondan qazanılmış uğurları danmaq mümkün deyil. Hesab edirəm ki, bir neçə müddətdən sonra kurikulium sistemində mütləq dəyişikliklər olmalıdır.

- Sizcə, əsl pedaqoq hansı xüsusiyyətlərə malik olmalıdır?

- Düşünürəm ki, yalnız pedaqoq yox, ümumiyyətlə insanlar öz fəaliyyətlərini, çevrələrinə münasibətlərini sevgi üzərində qurmalıdırlar. Bu xoş xüsusiyyətlər bütün peşə adamlarından daha çox pedaqoqlarda özünü biruzə verməlidir. Əgər, sən şagirdə kiçicik sevgi göstərsən, o, bu sevginin iki qatını geri qaytaracaq. Təbii ki, pedaqoq həm də çağdaş dünyagörüşlü şəxs olmalıdır. Öz sahəsini mükəmməl və dərindən bilməli, daha sonra dünya və ölkənin xəbərlərindən hali olmalıdır, əks halda, əsl pedaqoq olmaq mümkün deyil. Tədris etdiyi fənni şagirdə dar çərçivədə aşılayan, ona elmi, təhsili sevdirə bilməyən, onun dünyagörüşünün inkişafına töhfələr verməyi bacarmayan şəxsi mən pedaqoq saymıram. Ümumimiyyətlə, pedaqoq bütün sahələr üzrə ensiklopedik biliyə malik olmalıdır.

- Təcrübəli pedaqoq kimi gənc nəslin bugünkü dünyagörüşü sizi qane edirmi?

- Gözəl bir gənc nəsil böyüyür. Ancaq bu nəsil sanki bir qədər amorf durumdadır. Əlbəttə, mən bunu heç də onların hamısına şamil etmirəm. Deyək ki, şagirdlər məktəbə gəlib, yerlərində əyləşdilər. Ancaq təəssüf ki, onlar üçün müəllimi dinləmək heç də önəmli deyil. Çünki onların çoxu dərsdən sonra hazırlıq kurslarına gedir. Bax mən bunu qəbul edə bilmirəm. Hesab edirəm ki, şagird dərsini, materialı auditoriyada 45 dəqiqə içində öyrənməlidir. Ancaq sanki kursa getmək bir dəb halını alıb. Deyək ki, əcnəbi bir dili öyrənmək üçün hansısa kursa getmək olar, rəqsi öyrənmək üçün dərnəklərə müraciət etmək olar, əgər həftə içində 6-7 saat Azərbaycan dili və ya Riyaziyyat fənləri tədris olunursa, belə olan halda uşağın kursa getməyinin nə önəmi var, mən onu anlamıram.

- Şeiri sizə sevdirən nə oldu?

- Fikrimcə, Azərbaycanda poeziya sahəsində 5-6 misra yazmayan adam yoxdur. Poeziya, şeir millətimizin ruhunda, qanında var. Mən özümü təmiz türk sayıram. Və görünür, bu millətin övladı olduğum üçün də şeir mənə bu qədər doğmadır.

- Şeir, ədəbiyyat sizin üçün nədir?

-Şeir, ədəbiyyat mənim üçün həyat deməkdir. Mən hər gün ən azı 20- 30 səhifə kitab və ya jurnal oxumasam, mütailə etməsəm, həmin günümü yaşanmamış sayıram. Ümumiyyətlə, mən hər gün oxuyuram.

- Bu gün Azərbaycan ədəbiyyatından mütaliə edərkən kimləri oxumağa üstünlük verirsiniz?

-Mən "Azərbaycan" və "Ulduz" jurnallarını alıb, orada çıxmış yeni yazıları oxuyuram. Bu yaxınlarda Əlibala Məhərrəmzadənin "Çovdar çörəyi" kitabını oxudum, Şərif Ağayarın "Komandir" romanını, Elçin Hüseynbəylinin "Gözümə gün düşür"ünü oxudum. Varis Yolçuyevin daimi oxucusu olduğumu deyə bilərəm.

- Dahilərdən biri kitab oxumağın gərəksiz olduğunu söyləyib. Həmin şəxs deyir ki, biz kitab oxuyarkən başqasının dünyagörüşünü mənimsəyirik və özümüz olmaqdan uzaqlaşırıq. Bu fikirlə razısınızmı?

- Bəli, bu fikirlə qismən razılaşa bilərəm. Təbii ki, əsl istedad sahibləri heç vaxt başqasının duyğularını mənimsəməz və ümumiyyətlə, mənimsəyə və ya təsiri altına düşə bilməzlər. İnsan hər zaman oxumalı, əsl oxucuya çevrilməlidir. Mütaliə etməyən adam çox "kasıb"dır. Mütaliə insanları daha da zənginləşdirib müdrikləşdirir. Hesab edirəm ki, mütaliə hər zaman lazımdır.

- İlk qələm təcrübəniz nə vaxt və neçə yaşınızda olub? Yəqin ki, nəzmə müraciət etmişdiniz. Bəs ilk şeirinizi necə adlandırmışdınız?

- İlk qələm təcrübəmi 11 yaşımda yazmışam. Təbii ki, o, şeir idi. Mən atamı erkən itirmişəm və o həsrət həmişə mənim içimdə olub. Ona görə də ik şeirimin adı "Ata həsrəti" idi.

- Ən sevdiyiniz şeirlərinizdən birini "168 saat" qəzeti üçün söyləyə bilərsinizmi ?

- "Azərbycan" adlı şeirim mənim üçün çox sevimli və doğmadır. Mən bu şeirdən misraları şəhərimizin 25 illiyində Ulu Öndər ilə bir zalda olarkən və Sumqayıtın 70 illik yubileyində prezidentimiz ilə eyni məkanı bölüşərkən də səsləndirmişəm və indi də şəhərimizin ən qocaman müstəqil qəzeti olan "168 saat" üçün səsləndirirəm:

"Mən qızınam, Azərbaycan

Arzularım çiçək-çiçək.

Bilirəm ki, qayğın ilə

Bu arzular göyərəcək".

( "168 saat" qəzeti)

Söhbətləşdi: Səbuhi Allahverdizadə

Mənbə: sfera.az