Sadəliyin təntənəsi – Yapon möcüzəsi

Sadəliyin təntənəsi – Yapon möcüzəsi

Yapon ədəbiyyatı, xüsusilə yapon şeiri ilə tanışlığımın tarixçəsi 6-7 il ola, olmaya. Oxuduqca, tanıdıqca dərk edirsən ki, müasir dünyanın sürətli inkişafına görə fərqlənən qabaqcıl ölkəsi özünəməxsus mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə də diqqət çəkir. Və şübhəsiz ki, bu sürətli inkişafın və müasir texnoloji kəşflərin arxasında təməli qədim ənənələrə söykənən möhtəşəm mədəniyyət dayanır. Yaponiyanın mədəniyyəti, musiqisi, idmanı, tarixi, özünəməxsus əxlaq qaydaları, müxtəlif və ecazkar sənətləri ilə heyrətamizdir. Şübhəsiz ki, yapon ədəbiyyatı da öz qədim kökləri və ənənələri ilə, özünəməxsus dərin fəlsəfəsi ilə dünya ədəbiyyatında fərqli bir yerə sahibdir.

Yapon ədəbiyyatını bəzən üçüncü, hətta dördüncü dildən tərcüməsini oxumağa məcbur olsam da, onun qeyri-adiliyini duymağa, hiss etməyə çalışmışam.

Xüsusilə yapon şeirinin əfsunlu ritmi məni ovsunlayıb, heyran edib. Xüsusilə haykuların "musiqisi" və ritmi olduqca möhtəşəmdir.

Musiqisini, ritmini duymaq üçün, yapon dilini anlamasam da, Başonun (Matsuo Basho) yapon dilində səsləndirilmiş haykularını bir neçə dəfə dinləmişəm. Və anlamadığım dildə dinlədiyim bu şeirlər mənə sadəliyin təntənəsini hiss etdirib.

Hayku, insan və təbiət münasibətini əks etdirən şeir növüdür. Bu baxımdan hayku sadəcə ədəbiyyat hadisəsi deyil. Mənə elə gəlir ki, hayku, eyni zamanda, təbiət hadisəsidir, film, fotoqrafiya sənətinin ibtidai və ilkin formasıdır. Çünki haykular bizim diqqətimizi bir anlıq da olsa təbiətin füsunkarlığına cəlb edir və misraların arasında donub qalmış zamanda təbiət hadisəsini təsvir edir, bu donmuş zamanı təsəvvürümüzdə film və ya foto kimi canladırır, təbiətin yüz illərin o tayından süzülüb gələn səsini eşidirik.

Matsuo Başo hayku haqqında məşhur bir ifadəsi var: "Hayku nəsnələrin əlaqəsidir". Bu fikrə əsaslanaraq demək olar ki, təbiət-insan münasibətini əks etdirən üç misralıq bütün şeirlər hayku deyil. Haykunun misraları, eyni zamanda, şeirdəki nəsnələr arasında əlaqəli olmalı, sıxışdırılmış zaman kəsiyi situasiyanı, fəlsəfəni tam şəkildə ifadə etməlidir.

Hayku şeir və dərketmə forması deyil, görmə formasıdır. Hayku hər gün rastlaşdığımız təbiət hadisələri arasından sadəcə bir anı seçib nəzmə çəkmək sənətidir. Hayku quruluş olaraq iki assimetrik hissədən ibarətdir. Vəziyyəti, situasiyanı göstərən birinci misra, ilk misradakı vəziyyəti izah edən, assosiasiya edən başqa bir vəziyyəti göstərən ikinci və üçüncü misra. Bu baxımdan ilk misra ilə, son iki misra arasında əlaqə, bağ və rezonans nə qədər güclüdürsə, hayku da o qədər uğurludur. Ənənəvi yapon haykusu 17 hecalı və ondan az olmaqla, 5-7-5 bölgüsü ilə yazılır. Məşhur bir qənaətə görə peşəkar, "yaxşı" haykunun misralarına əlavə söz və ya ifadə daxil etmək, ixtisar etmək, hər hansı bir sözün yerini dəyişmək mümkün deyil. Əsasən, haykunun birinci misrasının mövsümi təsvir edən cümlə və ya ona eyham edən söz birləşməsi ya da cümlə olması şərtdir.

Dünyanın hər yerində hayku ilə tanış olan şairlər, bu şeir növünə müraciət edib. Bu bir az da, haykunun ruhani ecazı, sadə quruluşu ilə, bir az da kənardan sadə, bəsit və asan görünməsi ilə bağlıdır. Bu baxımdan hayku yazan müxtəlif müəlliflər ənənəvi haykuya öz yaradıcılıq xüsusiyyətlərini əlavə edib, müasir hayku artıq ənənəvi yapon haykusundan xeyli dərəcədə fərqlənməyə başlamışdır.

Haykudan əvvəl yapon şeirində "renga" və "renku", daha sonra haykunun xüsusi forması "hokku" meydana çıxıb. Masaoka Şiki "hayku" adını istifadə edən ilk şair və ilk hayku nəzəriyyəçilərindən biri sayılır. Müasir Haykunun inkişafında əsas rol oynayan yapon şairi isə sadə təsvirləri, bu sadəlik içərisindəki dərin ruhani qatları verə bilən, dzen fəsləfəsini əks etdirən Başodur.

Qısacası, hayku üç misralıq şeirlə, sözlə rəsm, foto yaratmaq sənətidir. Bura ritmi də əlavə etsək haykunu qısa filmlə də müqayisə etmək olar.

Mənbə: sputnik.az