Belə bir şey necə ola bilər?

Belə bir şey necə ola bilər?

Telekanallarda tərbiyəsiz, sinik, bisavad, birtərəfli mövqe tutan, qeyri-peşəkar aparıcılar, telejurnalistlər görmüşəm. Amma ilk dəfədir ki, milli telekanalda nasist düşüncəli aparıcı ilə rastlaşıram. İlk dəfədir ki, efirdən insanın şəxsiyyətini məhz əlillik əlamətinə görə alçaldan, sosial ayrı-seçkilik edən, onların cəmiyyətə lazımsızlığını norma kimi bəyan edən birini görürəm.

Söhbət ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramının aparıcılarından biri Pərvanə Tahirqızının son dərəcə qeyri-etik davranışından gedir. Təbii ki, problem təkcə P.Tahirqızının davranışında yox, ümumiyyətlə, başdan ayağa qanun pozuntusu olan proqramın alçaldıcı mahiyyətindədir.

“Elgizlə izlə” proqramının həmin buraxılışına təsadüfən-Nərmin Quliyeva hadisəsi ilə bağlı jurnalistikamızın necə davranması məsələsini araşdıranda rastladım. Buraxılışda Xaçmaz rayonunda tövlədə yaşayan çoxuşaqlı ailə studiyaya dəvət olunur və onların taleyini aparıcılar (digər aparıcı Elgiz Əkbər-S.S.) qonaqlarla müzakirə edir. Ancaq necə bir müzakirə?!

Ailə ilə elə davranılır ki, onlar sanki hansısa naməlum planetdə tapılmış qəribə məxluqlardır. Studiyaya yığışanlar isə ailə üzvlərinə heyrətlə, dəhşətlə baxaraq, onların fiziki-əqli keyfiyyətlərini tədqiq-təhqir edir və bununla da ARB kanalı televiziya məkanına yeni bir alçaltma növünü gətirirdi.

Aparıcılar da daxil olmaqla qonaqlar mütəxəssis rəyi olmadan, ictimai şəkildə bütün ailə haqda əqli inkişaf məhdudiyyəti olan şəxslər kimi hökm çıxarırlar. Üstəlik, fikirlərini köməksiz, çarəsiz insanların üzünə aqressiya, ittihamla, hikkə və nifrətlə çırpırlar. Onlar ailəni pintilikdə günahlandırır, heyvandan aşağı statusa qoyur (ki, hətta heyvanlar sizin kimi çirkli şəraitdə yaşamaz), təkidlə niyə “psixoloji problemli, xəstə” uşaq dünyaya gətirdiklərini soruşur, ananın hamiləliyini müzakirə edirlər. Absurd-sürreal tamaşa balaca uşaqların gözü qarşısında baş verir. Psixoloji basqıdan karıxan, duruxan qadıncığaz isə nə deyəcəyini bilmir, suallara cavab verərkən ağlayır. Elgiz çox rahatlıqla balacaların yanında anaya ”uşaqlarınızı uşaq evinə verək?” sualını ünvanlayır. Uşaqlardan biri kövrələrək ”Bəstini yox” (çox güman ki, ananın qucağında yatan körpəni nəzərdə tutur) deyir. Bütün ölkəyə ağsaqqal nəsihəti verən Elgizə xatırladım ki, belə sualı birdən birə, özü də efirdə uşağa ünvanlamaq cahillikdir, mədəniyyətsizlikdir. Bu məsələlər psxioloq yardımı ilə reallaşmalı, qanunla tənzimlənməli və proses qapalı aparılmalıdır.

Verilişin ən dramatik epziodlarından biri də Pərvanə Tahirqızının üzündə soyuq, sinik ifadə ilə ataya müraciətidir. Aparıcı əlini başına apararaq (yəni sənin də başın xarabdır-S.S) “sizdə də problem var” deyir və davam edir: ”Cəmiyyətə xəstə uşaqlar lazım deyil, cəmiyyətə sağlam uşaqlar lazımdır”.

Nasistlərin əsaslandığı irqi gigiyena konsepsiyasına görə- içki düşkünləri, əqli inkişaf məhdudiyyəti olan şəxslər, irqi xəstəlik daşıyıcısı olanlar natamam hesab edilir və onların məhvi, ya sterilzasiyası məqbul sayılırdı. Pərvanə Tahirqızı təbii ki, bunu bilmir. Çünki savad baxımdan əlildir. Çünki dünyagörüşü əlildir. Çünki etika və tərbiyə əlilliyi var. Pərvanə onu da bilmir ki (həmçinin verilişin heyəti), əlliliyi olan şəxsləri “xəstə” adlandırmaq etik sayılmır və dövlət, qeyri-dövlət sektorları tərəfindən onların cəmiyyətə inteqrasiyasını, sosial iştirakını aktivləşdirən layihələr həyata keçirilir.

Heç olmasa Google-da axtarış verib, “Əlilliyi olan şəxslərlə ünsiyyətin etik prinsipləri” haqda oxuyun.

Biz normal cəmiyyətdə yaşasaydıq, belə bir verilişə görə kanal rəhbərliyi ictimaiyyətdən üzr istəməli, peşə etikasını pozan aparıcılar efirdən uzaqlaşdırlmalı, qonaqlar isə bütün telekanallar üçün persona non qrata elan olunmalıydılar.

Dövlətin ailəyə kiçik məbləğdə sosial yardımını (283 manat) onların başına vurmaq mənəvi naqislikdir. Sosial şəraiti pis olan vətəndaşının qayğısına qalmaq və onu daim nəzarətində saxlamaq dövlətin ən vacib vəzifələrindən biridir.

Mənbə: azlogos.eu