Şou-biznesin ən varlı müğənnisi Xəyyam: "Bilirsiz mən harda yaşayıram?.."

Şou-biznesin ən varlı müğənnisi Xəyyam: "Bilirsiz mən harda yaşayıram?.."

Məşhur müğənni Xəyyam Nisanov Teleqraf.com-un suallarını cavablandırıb.

- Xəyyam bəy, “Altın kelebek” müsabiqəsinin iştirakçılarından biri də siz idiniz. Amma müsabiqədə davam eləməkdən imtina etdiniz.

- Çox təəssüf ki, “Altın kelebek” müsabiqəsinin final tarixi dəyişdi. Tədbir fevralın 28-də baş tutacaq və həmin gün başqa şəhərdə tədbirlərim var. Hətta müsabiqədə qalib gəlsəm belə orada iştirak edə bilməyəcəm.

Müqavilədə “Altın kelebek” müsabiqəsinin finalı dekabrın 8-də olacağı qeyd edilmişdi. Tarixi sonar dəyişdilər. Normal haldır, amma hamının planları var, hər kəsə uğurlar arzu edirəm.

- Hansı həmkarınızın qalib gəlməsini istəyirsiniz?

- Orada iştirak edənlərin hamısı dostlarımdır, Röya Ayxan, Murad Arif, Nura Suri… Hamısına uğurlar arzulayıram.

- Niyə mətbuatdan, efirlərdən uzaqlaşmısınız?

- Ümumiyyətlə, verilişlərə çıxmıram, belə istəyim yoxdur. Sadəcə solo konsert verən zaman bir-iki verilişə çıxıb, məlumat verə bilərəm. Qalmaqallı verilişləri sevmirəm. Buna görə kənarda qalmağa çalışıram. Mahnılar üzərində işləyirəm, bəstəkarlarla görüşürəm.

Kanallarımızın birində mənə qadağa qoyulub. Prodüserimə də dedim ki, televiziyaya çıxmamağımız bizim işimizə təsir edə bilməz. Hazırda ən böyük imkanımız sosial şəbəkədir. Orada hansısa qadağa yoxdur.

Bu gün efirə çıxmağa ehtiyac duymuram. Nəinki mən, neçə-neçə müğənni var, onlar da verilişlərə çıxmırlar. Heç nə itirmirlər, daim ən yüksək tədbirlərdə çıxış edirlər.

- Sizin Murad Ariflə yaxın dostluq münasibətiniz vardı. Amma son zamanlar birlikdə görsənmirsiniz. Bu nə ilə bağlıdır?

- Murad Arif dostum olub, yeddi il birlikdə çalışmışıq.

- Murad Arif yaxın günlərdə Avroviziya mahnı müsabiqəsinə getmək istəyini açıqlayıb. Onun bu addımını dəstəkləyirsiniz?

- Əlbəttə, dəstəkləyərəm və onun yanında olaram.

- Bəs, ifa etdiyi mahnıları dinləyirsiniz?

- Bəli, dinləyirəm. Dostluq da edirəm. İşbirliyimiz bitə bilər, amma dostluğumuz ölməzdir.

- Qalmaqalsız məşhurlaşan və gündəmdə olan yeganə müğənnilərdən birisiniz.

- Təvazükarlıqdan uzaq olmasın, işimdə özümə rəqib görmürəm və ona görə də sərbəstəm. Hamı ilə dostluq və yaxşı münasibətim var.

- Sizin adınız şou-biznesdə ən varlı müğənni kimi çəkilir.

- Maddi imkanım haqqında heç kim dəqiqliklə heç nə bilmir. Üzdə görünənlər hərdən aldadıcı olur. Məndən də qat-qar varlı müğənnilərimiz var. Mən sadəcə ağlamağı sevmirəm. İşlərimin pis və yaxşı olmasından asılı olmayaraq hər zaman vəziyyətin əla olduğunu deyirəm. Pis olduğunu desən səni istəməyənlərin sayı çoxalacaq.

- Ən bahalı avtomobillər idarə etdiyinizi bilirik…

- Bu mənim hobbimdir. Başqaları pulu villalara, imarətə xərcləyirsə, mən avtomobillərə xərcləyirəm.

- Eşitdiyimizə görə, sizin də villanız var.

- Xeyr, villam yoxdur. Heç həyət evində də yox, bina evində yaşayıram. Ümumiyyətlə, bağ evim, villam yoxdur, amma avtomobillərim var.

- Röya Ayxanla bir müddət əvvəl küsülü idiniz. Hazırda mümansibətiniz necədir?

- Röya Ayxanla tez-tez görüşürük. Yaxın günlərdə yeni duetimiz çıxacaq. Hansısa tədbirdə bir yerdə görünümürüksə bu demək deyil ki, biz küsülüyük. Röya Ayxanın klipinə də çəkilmişəm.

- Barışıq addımını siz yoxsa Röya Ayxan atdı?

- İnsan bir-birindən küsə bilər, amma biz Röya ilə dərhal barışdıq. Küsülü də deyildik. Sadəcə bir-birimizi görmürdük. Onunla küsülü qalmağımız mümkün deyil. Çünki 30 ildir bir yerdəyik. Bəzən xırda nüanslar olur, onlar da boş şeylərdir. Nə mən, nə də o bir-birimizi kiminsə ayağına vermərik.

 

Mənbə: big.az