Şərq Muzeyində Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri sərgilənəcək

Şərq Muzeyində Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri sərgilənəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Moskvada, Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılacaq.

AZƏRTAC “Moskva 24” saytına istinadla xəbər verir ki, bu barədə Moskva merinin və hökumətinin portalı məlumat yayıb.

Sovet illərinin Azərbaycan xalçaları və tikmələrinə fevralın 5-dən martın 1-dək tamaşa etmək mümkün olacaq.

“Ekspozisiyada əlamətdar tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etməsi barədə danışılır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, 40 eksponatı özündə birləşdirən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil edilən, 1920-1970-ci illərə aid xalçalar təqdim edilir.

Bundan başqa, muzeyə gələnlər Mərcani Fondundan olan plakatları, 1920-1930-cu illərə aid, inqilab dövrünün tikmələrini görə bilərlər.

Mənbə: azertag.az