AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi fəaliyyəti ilə bağlı hesabat verib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi fəaliyyəti ilə bağlı hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yanvarın 24-də keçirilən növbəti iclasında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.

AZƏRTAC xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmləri doktoru Fərman Quliyev ötən il Lənkəran Regional Elmi Mərkəzində altı mərhələdə iki problemi əhatə edən beş mövzu üzrə beş işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin altı mərhələdə başa çatdırıldığını söyləyib.

Fərman Quliyev Lənkəran-Astara bölgəsində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, mühafizəsi, bərpası, hərtərəfli öyrənilməsi, yeni sortların yaradılması, həmçinin Lənkəran-Astara bölgəsinin floristik tərkibi, müxtəlifliyi və xüsusiyyətlərinin öyrənilməsi üzrə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, tədqiqat işləri nəticəsində 50-dən çox çay forma-klonunun morfoloji, bioloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri hərtərəfli qiymətləndirilib, bir sıra xüsusiyyətlərinə görə nəzarəti üstələyən dörd sort rayonlaşdırılaraq patentləşdirilib. Bundan əlavə, yeni yaradılmış limon və naringi sort-formaları Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib və hazırda müvəffəqiyyətlə sınaqdan keçirilir.

Azərbaycanın cənub-şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, fond və muzeyinin yaradılması, numizmatik materialların kataloqlaşdırılaraq elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlərdən söz açan Fərman Quliyev Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji abidələrdə kəşfiyyat işlərinin aparıldığını və bir çox yeni abidələrin müəyyən edildiyini vurğulayıb.

Lənkəran Regional Elmi Mərkəzin nəşriyyat fəaliyyətindən danışan direktor bildirib ki, hesabat ilində mərkəz əməkdaşları tərəfindən 10 elmi əsər, o cümlədən bir kitab, biri xaricdə olmaqla səkkiz məqalə və bir tezis dərc olunub, alimlərin elmi əsərlərinə 20 dəfə istinad edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

Mənbə: azertag.az