Aydın İbrahimov vəfat etdi

Aydın İbrahimov vəfat etdi

Tanınmış rejissor, uzun illər AzTV-də çalışan Aydın İbrahimov (Qurbanoğlu) vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı qeyd edib. O bildirib ki, Aydın Qurbanoğlunun ölüm xəbərinə sarsıldım:

“Axırıncı dəfə bir araya gələndə az-az görüşdüyümüzdən gileylənmişdik, tezliklə ona qonaq olacagıma söz vermışdım. Son vaxtlarda ayaqları sözünə baxmasa da, ürəyi sağlam idi, fiziki cəhətdən güclü adamdı, ölümə belə tezliklə can verəcəyinə inanmırdım. Aydınla tələbəlik illərindən dostlaşmışdıq. Türk dünyası folklorunu mükəmməl bilməsi hər kəsi heyran qoyurdu. Azərbaycan aşıq şeirindən saatlarla, misallar çəkə-çəkə danışardı. Şairliyini reklam eləməzdi, lakin bircildlik şeir toplusunu oxuyanda Aydının qüdrətli bir şair olduğunu gördük.

“Koroğlu” dastanının ən mükəmməl, dil sarıdan ən zəngin, koloritli variantını toplayıb nəşr etmişdi. Gənclik illərimizdə onun məsləhəti məni Bakıda saxlamış, tələbə ola-ola "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlməyimə kömək etmişdi. Mənim ssenarimlə çəkilən "Cavad xan" filminin redaktoru olmuşdu.

Azərbaycanda radio və televiziya sənətinin inkişafında Aydının xidməti xüsusi qeyd olunmalıdır. Onun ölümü ədəbiyyatımız üçün ağır itkidir. Aydın “köhnə kişi”lərdən idi, dünyamızı zənginləşdirən, yaddaşımızı diri saxlayan adamlardan idi. Yeri həmişə görünəcək! Allahın rəhmət eləsin!”

Qeyd edək ki, Aydın İbrahimov “Koroğlu” və “Abbas və Gülgəz” çoxseriyalı film-dastanların müəllifidir.

Onun ssenarisi əsasında “Sufi ocaqları”, “Qalalı dağlar”, “Gəmiqaya”, “Qudyalçay”, “Qax abidələri”, “ Molla Cuma”, “Tanrı payım, telli sazım”, “İncə dərəsi”, “Etnoqrafiq etüdlər”, “Səfəvilər” və başqa televiziya filmləri çəkilib.

Aydın İbrahimovun oğlu, idmançı Ayxan İbrahimov bir neçə il öncə gənc yaşında dünyasını dəyişmişdi.

Mənbə: axar.az